Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 34-cü iclası keçirilib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilin yekunlarına həsr olunmuş iclasda AGF İcra Komitəsinin üzvləri, federasiya nümayəndələri və gimnastika növləri üzrə yığma komandaların üzvləri iştirak ediblər. İclasın gündəliyində federasiyanın fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər dayanıb.
İlk olaraq iclasda batut gimnastikası üzrə Yaponiyanın paytaxtı Tokioda Dünya Yaş Qrupları Yarışlarında medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılıb.
Daha sonra AGF-nin baş katibi, gimnastika növləri üzrə yığma komandaların baş məşqçiləri, həmçinin federasiya ilə sıx əməkdaşlıq edən idman təşkilatlarının illik hesabatları dinlənilib və müzakirələrdən sonra qəbul edilib.
İclasın gündəliyində duran əsas məqamlardan biri isə Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanaraq, milli yarışların proqramlarına uyğunlaşdırılmış AGF-nin Texniki Reqlamentinin müzakirəsi və təsdiq edilməsi olub.
O cümlədən, AGF-nin 2020-ci ilin əvvəllərində keçiriləcək Ümumi Yığıncağının tarixi müəyyən edilərək, gündəliyi təsdiq edilib.
İcra Komitəsinin iclasında diqqət mərkəzində dayanan digər vacib məsələlərdən biri də 2020-ci il üzrə planların müzakirəsi olub.