
"2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmişəm. Bu, bizim ölkə olaraq qatıldığımız ilk İslamiada idi. Orada da dayaqlı tullanma hərəkətində birinci yeri tutmuşdum".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarının qalibi olan Özbəkistanın idman gimnastı Oksana Çusovitina deyib.
Barselona-1992 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, 3 qat dünya və 2 qat Asiya çempionu bildirib ki, budəfəki yarışda daha çox idmançı çıxış edib: "Hamı ilə tanış olmaq, ünsiyyət qurmaq gözəl hissdir. Biz Konyaya geniş nümayəndə heyəti ilə yollanmışdıq. Kollektivdə əla atmosfer var idi. İdmanın inkişafı naziri Ədhəm İkramov şəxsən bizi dəstəkləməyə gəlmişdi. Vaxt ayırdığı üçün nazirə minnətdarlığımı bildirirəm. Onun tribunada olması bizə əlavə güc verirdi".
47 yaşlı idmançının sözlərinə görə, bu yaşda uğur qazanması komandaya motivasiya verirsə, bu, onu yalnız sevindirə bilər: "Ən yaxşısı bunu idmançıların özlərindən soruşmaqdır. Belədirsə, bu, mənim üçün əlavə motivasiyadır. İşimi hər zaman ürəklə görürəm. Məşğul olduğum idman növünü sevirəm. Ona görə də hamıya sağlamlıq və gələcək yarışlarda uğurlar arzu edirəm. Bütün komanda yoldaşlarımı Paris-2024 Yay Olimpiya Oyunlarında görmək istəyirəm".
Titullu gimnast Paris olimpiadasında iştirak etmək arzusunu gizlətməyib: "Bunun üçün təsnifat mərhələsini adlamalıyam. Görək, necə olacaq. Mən həmişə demişəm ki, sabah peşman olmamaq üçün bu gün cəhd etmək lazımdır. Ona görə də özümü sınayacağam".
Çusovitina Bakıdakı İslamiadada ilə Konyadakı yarışı müqayisə edib: "Onu deyə bilərəm ki, sizdəki Oyunlar daha yaxşı təşkil olunmuşdu. Bəlkə də burada hələ də o cür peşəkarlıq yoxdur. Amma Bakıda bir çox beynəlxalq yarış keçirilib və hamısı da yüksək səviyyədə olub".
O, Azərbaycanda gimnastika üzrə beynəlxalq yarışların təşkilinə də toxunub: "Bakıda gimnastika yarışları hər zaman yüksək səviyyədə keçirilib. Heç vaxt hər hansı etiraz, şikayət olmayıb. Bu münasibətlə ölkənizi təbrik edirəm. Azərbaycanda gimnastika inkişaf edir. İdmançılarınız gəncdir, onların gələcəyi hələ qabaqdadır".
Təcrübəli gimnast Azərbaycandan təklif almadığını vurğulayıb: "Mən öz ölkəmi sevirəm. Təklif olsa belə, Özbəkistanda qalardım".
Çusovitina ölkəsinin Konyadakı İslamiadada medal sıralamasında 2-ci yeri tutmasına da münasibət bildirib: "Buna görə komandamızla fəxr edirəm. Hər bir idmançıya çox sağ ol demək və gələcəkdə uğurlar arzu etmək istəyirəm. Bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Ölkə və federasiya öz idmançısına dəstək verirsə, nəticə özü gəlir".
O, hələ məşqçiliyə başlamadığını bildirib: "Ölkə prezidentinin əmri ilə mənim üçün akademiya tikilir. İnşası başa çatdıqdan sonra orada işləməyi düşünürəm".
Qeyd eədk ki, Oksana Çusovitina 8 olimpiadada iştirak edən yeganə idmançıdır.