Dekabrın 2-də Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının (EG) XXIX Konqresi təşkil olunacaq.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) Sportnet.az-a verilən məlumata görə, 2 gün davam edəcək tədbirdə EG-nin rəhbərliyi, Texniki Komitələri və komissiyalarına seçkilər baş tutacaq.
AGF tərəfindən Yevgeniya Vilyayevanın bədii gimnastika, Ruslan Eyvazovun gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının Texniki Komitələrinin üzvlüyünə namizədlikləri irəli sürülüb.
Məlumat üçün bildirək ki, Azərbaycan Gimnastika Federasiyası yarandığı dövrdən müvafiq Avropa və beynəlxalq gimnastika qurumları ilə sıx əməkdaşlıq edir. Ötən il AGF-nin idman direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə FIG-nin Atletlər Komissiyasının üzvü seçilib.