
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start veriləcək.
Sportnet.az-ın məlumatına görə, aprelin 23-dək davam edəcək turnirdə dünyanın ən güclü bədii gimnastları Milli Gimnastika Arenasında bir araya gələcəklər.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi dördüncü beynəlxalq yarışda 40 ölkədən 135 idmançı fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaq. Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
Turnirdə Azərbaycanı fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
Yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, Azərbaycanda bədii gimnastika üzrə təşkil olunacaq 7-ci Dünya Kubokudur. Bakı 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.