Vətən müharibəsinin iştirakçıları, qazilərimiz, şəhidlərimiz arasında "Futbol+" ilə birbaşa və dolayısı ilə bağlı olanlar da var. Onlardan biri qəzetimizin sabiq əməkdaşı, daha sonra fəaliyyətini futbol hakimi, məşqçisi və komanda.az saytının yazarı kimi davam etdirən Vüqar Məmmədovun şəhidlik zirvəsinə ucalmış oğlu Ülvüdu. Qeyd edək ki, Ülvünün əmisi, tanınmış idman jurnalisti Elşən Məmmədov da "Futbol+"in “şinelindən çıxıb”.
Ülvü Məmmədov 1997-ci il iyulun 29-da Quba rayonunun Alekseyevka kəndində dünyaya gəlib. 2003-cü ildə Quba rayonundakı Rəhman Məmmədov adina Alekseyevka kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Məktəbdə oxuduğu illər ərzində idmanın müxtəlif növləri - futbol, kikboksinq və karate ilə məşğul olaraq, bir çox yarışda iştirak edib. 2014-ci ildə orta məktəbi bitirdikdən sonra Anadolu Universitetinin Bakı filialının idarəetmə fakultəsinə qəbul olub. 2015-ci il oktyabrın 5-də təhsilini donduraraq, həqiqi hərbi xidmətə yollanıb. Sülhməramlı Qüvvələrdə xidmət keçən Ülvü 2017-ci ilin aprel ayında xidmətini atıcı ixtisası üzrə başa vurub.
Ordudan təxris olunandan qısa müddət sonra Quba şəhərindəki "Favorit" supermarketində işə başlayıb. Daha sonra Bakıda "Bazarstor" marketlər şəbəkəsində çalışıb. İşdə göstərdiyi fəallığa, məsuliyyətli və uğurlu fəaliyyətinə görə çalışdığı marketdə şöbə müdiri vəzifəsinə yüksəlib.
Bu il sentyabrın 21-də Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Qusar rayonundakı N saylı hərbi hissədə başlayan təlim toplanışlarında iştirak məqsədilə könüllü olaraq hərbi xidmətə yollanıb. Birhəftəlik təlimdən sonra isə sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nizam-intizamı, cəsurluğu və qorxmazlığı ilə seçilən Ülvü torpaqlarımızın işğaldan azad edilməsində pay sahibi olub.
Ülvü oktyabrın 21-də Xocavənd rayonunun Edilli kəndi ətrafında gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb. Həmin isdiqamətdəki yüksəklik elə o gün Məmmədovun vuruşduğu bölük tərəfindən azad edilib və ora Ülvünün üzərindəki qanlı bayraq sancılıb. Şəhidimiz oktyabrın 23-də Alekseyevka kəndində dəfn olunub.
Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, millət vəkili Vahid Əhmədov, rayonun digər rəhbər şəxsləri iştirak edib. Vahid Əhmədov Ülvünün babası Ağamirzə Məmmədova Azərbaycan Respublikasının bayrağını təqdim edib. Heydər Əliyev Fondunun nümayəndələri isə ailəyə baş çəkərək, qayğı və problemləri ilə maraqlanıb, Fond adından dəstək veriblər.
Hərbi hissədən əsgər yoldaşları və tabor komandiri də Alekseyevka kəndinə baş çəkərək, Ülvünün valideynləri ilə görüşüblər, daha sonra şəhidin məzarını ziyarət ediblər.
Ülvü yeni vəzifəyə keçərkən dostları arasında deyibmiş ki, maaşı ilə anasına telefon hədiyyə etmək istəyir. Bu arzunu o, şəhid olandan sonra Bakıda çalışdığı kollektiv həyata keçirib.
Şəhidimiz daha bir arzusunu 2013-cü ildə gerçəkləşdirə bilməyib. Kriştianu Ronaldunun azarkeşi olan Ülvü 7 il əvvəl martın 26-da Bakıda Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən dünya çempionatının seçmə oyununa qardaşı və atası ilə birgə baxmaq üçün Tofiq Bəhramov adına Respublika stadionuna yollanır. Qarşılaşma ərəfəsində Ronaldonun Bakıya gəlməsinə rəğmən, cəzalı olduğu üçün meydana çıxmayacağı müəyyənləşir. Tribunada iki qardaş Azərbaycan bayrağına sarılaraq, milli komandamıza azarkeşlik edir. Oyundan sonra Ülvünün Ronaldo ilə görüş cəhdi də baş tutmur.
Ulduz futbolçu gələn ilin sentyabrında da Bakıya gələ bilər. Amma...
İndi igid Ülvünün rəsmi olan plakat Quba-Xaçmaz yolunun görkəmli yerini bəzəyir. Həmyerliləri şəhidimizin nur yağan çöhrəsini görəndə hər dəfə qürur və iftixar hissi keçirir. Uşaqlara, gənc nəslə qəhrəmanlıq örnəyi olan Ülvü bütün şəhidlərimiz kimi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaq. Çünki şəhidlər ölmür! Bütün şəhidlərimizin məkanı cənnətdi!
Allah rəhmət eləsin!
ANAR ŞABANOĞLU ("Futbol+")