- Tennisi hansı fəsillərdə oynamağı sevirsiniz?
- Adətən yaz və payız aylarında oynayıram. Çox isti olduğuna görə yayda oynamıram. Bu il səhhətim imkan vermədiyindən, daha doğrusu, təzəcə ana olduğuma görə oynaya bilmədim. Hələ ki, mənə idman etmək olmaz.
- Sizcə, şou-biznes nümayəndələrindən kimin daha çox idmana və kilo verməyə ehtiyacı var?
- Birinci mənim. Hazırda arıqlamağa çox böyük ehtiyacım var. Söz verirəm ki, sürətlə kilo verəcəyəm. Vallah, mən kimə nə məsləhət verim? Özüm təzə ana olmuşam, kilo almışam, hazırda kompleksdəyəm, heç kimin xətrinə dəymək istəmərəm. Almaz Ələsgərliyə köklük şirinlik verir, arıqlasa şirin olmaz. O, kilolu olsa da, çox sağlam xanımdır. Bu dəqiqə yadımdan hər şey çıxıb, nəinki bizim müğənnilər (Gülür - S.X.). Mən heç kimdən çəkinmirəm, kimə nə sözüm olsa, deyirəm. Amma belə kimi deyim ki?
- (zarafatla) Sən cavab almaq üçün sualı hər vəziyyətdə fırladırsan. Ağlıma heç kim gəlmir. Bilirəm ki, Tacir Şahmalıoğlu estetik əməliyyatla piylərini çıxartdırmışdı. Maşallah, müğənnilərimizin hamısı idmanla məşğul olur, arıqlayır, "İnstagram"a da şəkillərini qoyurlar, formadadırlar.
- İdmançılar arasında kimi ən yaraşıqlı hesab etmək olar?
- Bax, bunu deyə bilmərəm. Çünki bir dəfə demişdim, problem olmuşdu. Mənim üçün qızımın atası. Çünki o, əvvəllər boksçu olub. Peşəkar səviyyədə olmasa da, boksla hobbi kimi bir neçə il məşğul olub. İtalyanlardan biri vardı, çox "simpatiçnı” idi, amma adı yadımda çıxıb.
- Fəaliyyətini parlaq hesab etdiyiniz futbolçumuz kimdir?
- Kamran Ağayev doğurdan da mənim çox hörmət etdiyim dostumdur. Düzünü demək lazımdırsa, onun haqqında bir-iki yüksək söz demişdim. Səhv etmirəmsə, Portuqaliya ilə oynamışdıq. O zaman gördüm ki, necə can-fəşanlıq edirdi, tamaşaçı kimi deyirəm, güclü futbolçudur. Oyun ərzində ən çox onun adı hallandığı üçün adı yaddaşlara həkk olunub.
- Millimizin ABŞ-la oyununda Ağayev komanda yoldaşlarına qarşı təhqiramiz sözlər işlədib. Bunu necə qiymətləndirirsiniz?
- Mənim xəbərim yoxdur. İnanmıram, o, belə şey etməz. İnsandır, oyun vaxtı emosional ola bilər, emosiyasını cilovlaya bilməyib. Bu, normal bir şeydir. Hər halda istəyib ki, qazansın, amma yenə də inanmıram ki, o, hansısa bir nalayiq söz işlətsin.
- Dostunuz "Xəzər Lənkəran”dan qovulub, "Bakı”ya, daha sonra "Qəbələ”yə keçib. Sizcə, bu qovulmalar nə ilə bağlıdır?
- Onu yalan deyərəm. Futbolu o qədər dərindən izləmirəm. O, doğrudan da güclü qapıçıdır. Məndə ona qarşı simpatiya o zaman yarandı ki, yarışma vaxtı bütün var gücünü oyuna necə bağlamışdırsa, kənardan hiss olunurdu. Onun Allaha şükr etməyi belə hiss olunurdu.
- Niyə millimiz əksərən bizi məyus edir?
- Axı ötən ilin sonlarında keçirdiyi oyunlarda bizi sevindirmişdi... Amma bir il əvvəl Portuqaliyanın gəlib Azərbaycanı udması mənə doğrudan çox toxunmuşdu. Dedim eybi yox, biz onsuz da çox qonaqpərvərik, qoy xoş-rəftarla getsinlər burdan.
- Azərkeşlik etdiyiniz komanlar hansılardır?
"Neftçi”, "Xəzər Lənkəran”, "Qəbələ” komandalarını tanıyıram. Dostum olduğu üçün Kamran Ağayevin komandasını deyə bilərəm. Bir də neçə il bundan əvvəl dünyaca məşhur Maradonanı tanıyırdım.
- Futbolçularımız niyə ölkədən kənara transfer ola bilmirlər?
- Əslində elə də zəif futbolçularımız yoxdur. Hətta güclüləri var. Portuqaliya ilə oyunda biri vardı, başını sarıdılar, gəlib yenidən oynadı. Bu da göstərirdi ki, oynamağı sevirlər, sadəcə, bir az həvəsləndirmək lazımdır. Bəlkə də qonorarlarını artırsalar, həvəslənərlər. Xaricdə, bildiyimə görə, futbolçuların qonorarları həddindən artıq çoxdur. Bunlar axı çıxıb canlı oynayırlar, hər şey ola bilər. Qonarar çox olsa həvəslənərlər. Bəlkə baxırlar birində çoxdur, birində az, həvəsdən düşürlər. Pul elə şeydir ki, şirinikləndirir da hər bir kəsi. Məsələn, qonorar çox olsa, gün ərzində 1-2 saat yox, 3-4 saat məşq edərlər. Elə danışdım ki, sanki Fatih Teriməm (Gülür). Bir də onu bilirəm ki, Fatih Terim "Qalatasaray” ın "texnik direktoru"dur. Amma Türkiyənin komandalarını tanıyıram.
- Türkiyə komandalarından hansını bəyənirsiniz?
- İndi heç birini. Əvvəllər "Qalatasaray” idi, indi öz futbolçularımıza baxıram. Bizimkilər, maşallah, qabağa gedirlər. Amma belə "Qalatasaray”, "Fənərbağça”, "Trabzonspor”u tanıyıram.
- Qadın voleybolçularımızı izləmirsiniz?
- Yox, izləmirəm. Amma oyun vaxtı müğənni kimi gedib oxumuşam. İzləməyə fürsət olmayıb.
Sevinc XANQIZI