
"İdmançılarımızın əksəriyyəti Azərbaycanın gələcəyidir. Onlar gələcəkdə bizi müxtəlif yarışlarda təmsil edəcək ümidlərimizdir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov Abşeron Olimpiya İdman Kompleksində keçirilən “Baku International Judo Hopes 2025” turniri barədə danışarkən deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, iki gün davam edəcək yarışda ümidlər turniridir və burada 12 ölkədən 500-ə yaxın oğlan və qız iştirak edir: "Biz inanırıq ki, bu turnirdən sonra yığma komandamıza – gənclərdən, yeniyetmələrdən və böyüklərdən ibarət komandaya idmançılar seçəcəyik".
ACF rəsmisi bildirib ki, bu ildən Avropa Cüdo Birlyinin qərarına əsasən, U13 və U15 yaş kateqoriyaları üzrə bu cür turnirlərin keçirilməsi nəzərdə tutulub: "Biz əminik ki, bizim turnirimiz artıq ənənəvi xarakter alacaq və gələn ildən, həmçinin qarşıdakı illər ərzində davam etdiriləcək. Mən inanıram ki, bundan sonra onlarla ölkə turnirə qatılacaq və iştirakçıların sayı dəfələrlə artacaq".