"Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Çox insan inanmırdı – məşqçilər, federasiya rəhbərliyi".
Sportnet.az xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Çempionatında 66 kq çəki ilə bürünc medal qazanan Turan Bayramov yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
24 yaşlı idmançı yeni çəkidəki üçüncü yarışında əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib:
- Keçən ay Tbilisidə Böyük Dəbilqədə gümüş medal qazanmışdım. Düşündüm ki, 60 kq-da edə bilmədiklərimi 66 kq-da daha rahat edirəm. Şükürlər olsun ki, bu yarışda da hazırlığım yüksək səviyyədə idi. Üstəlik, gec xəbərim olmuşdu, çünki digər idmançı zədələndiyi üçün heyətə adım daxil edildi. Şükürlər olsun ki, məşqçilər məni seçdi və mən də onların etimadını doğrultdum. Qızıl da ola bilərdi, bəzi səhvlərə yol verdim.
- Tbilisdə medalsız qaldığınız yarış olmayıb. Aranızdakı doğmalıq nədir?
- Bu şəhəri çox sevirəm. 2022-ci ildən bəri böyük dəbilqə turnirlərində medallar qazanıram. Özüm Gəncəliyəm, olduğum yerə də yaxındır deyə, hər şeyi mənə öz torpağımdakı doğmalığı xatırladır.
- Qızıl üçün çatışmayan məqamlar hansı idi?
- Düşünürəm ki, öz güləşimdən kənara çıxaraq xırda səhvə yol verdim. Heç vaxt işləmədiyim fənni etməyə çalışdım, o da alınmadı. Şəxsi məşqçim də bunu anladı. Qayıtdıqdan sonra vaxtımız var. Üzərində işləyib növbəti yarışlarda belə səhvlərə yol verməyəcəyəm.
- ilə görüşdə son saniyələrdə sənə xal verildi. Lakin son saniyələrdə o xal ləğv olundu...
- Düşünürəm ki, haqlı qərar idi. Mən də istəyərdim ki, döyüş əsnasında qalib gəlim. Sonradan baxdılar və xalımı sildilər. Razıyam.
- 66 kq çəki dərəcəsində Azərbaycan cüdoçularının dünya çempionatlarında medalı yoxdur. Bu il də dünya çempionatı Bakıdadır. Nə söz verə bilərsiniz?
- Söz verib elə məsuliyyəti üzərimə götürə bilmərəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, öz ölkəmizin, doğma azarkeşlərimizin önündə layiqincə çıxış edim.
- Avropa çempionatında digər çəkilərdən ikisində 2 cüdoçu çıxış edir. Ola bilərmi ki, yüksək rəqabət üzündən dünya çempionatında 66 kq çəkidə də 2 idmançı yer alsın?
- Bu, əlbəttə, məşqçilər heyətinin qərarıdır. Dünya çempionatınadək daha bir neçə yarış olacaq. O vaxta qədər kimin yaxşı formada olub-olmadığına onlar qərar verəcəklər.
















































































