"Simurq” klubunun kapitanı Ruslan Poladovun Sportnet.az-a müsahibəsi
- "Xəzər Lənkəran”la oyunda aldığınız zədədən
sonra vəziyyətiniz necədir?
- Bu gün diaqnostikadan keçmişəm. Hələlik komandamızın həkimlərinin
nəzarəti altındayam.
- Həkimlərin rəyi necədir?
- Əzələ və sümük zədələnməsi var. Bir də omba nahiyəsində zədə var.
Hələ ki başqa heç nə yoxdur.
- Premyer Liqanın son turunda
"Neftçi”yə qarşı keçirəcəyiniz matçda komandanıza kömək edə biləcəksiz?
- O məsələ yaxın iki gün ərzində bilinəcək. Hələ ki bir az axsayıram.
Qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağım dəqiq deyil.
- Bu oyun sizin üçün
əhəmiyyətsiz olsa da, rəqib üçün çox önəmlidir. Çünki xal itkisi "Neftçi”ni
bürünc medaldan məhrum edə bilər...
- Açığı, bizim üçün də vacib oyundur. Çünki altıncı pilləyə qalxa bilərik. Bildiyiniz kimi "Xəzər Lənkəran”la oyunumuz yaxşı alınmadı. Nəticədə meydandan 2:2 hesablı heç-heçə ilə ayrıldıq. Amma "Neftçi”yə qalib gəlib xallarımızı artırmaq istəyirik.
- İstərdinizmi ki, növbəti
oyunda da kapitan kimi meydanda olasız?
- Əlbəttə. Amma meydana çıxıb-çıxmayacağımdan asılı olmayaraq,
komandamın yanında olacağam. İstərdim ki, sonadək mübarizə aparıb qələbə
qazanaq.
- Belə məlumatlar da var
ki, "Simurq” heç bir halda "Neftçi”yə xal verməyəcək və "Qəbələ”nin bürünc
medal qazanması üçün var gücü ilə çalışacaq ki, rəqibi Zaqataladan əliboş
göndərsin.
- Əlbəttə. Heç bir səbəbdən asılı olmayaraq, "Neftçi”yə xal verməkdən
söhbət belə gedə bilməz.
Elmar VƏLİYEV