1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz olimpiadaya tam heyətlə yollanmaq iddiasında - REPORTAJ - FOTOLAR
Sabah Bakıda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Təsnifat Turniri start götürəcək. Əlcək ustaları üçün son şans olan yarışda 105 ölkədən 469 kişi idmançı mübarizə aparacaq.
Artıq Azərbaycan təmsilçilərinin adlarına aydınlıq gəlib: Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) olimpiadaya lisenziya qazanmağa çalışacaq. Bunun üçün Hüseynov finaladək yüksəlməli, Şahsuvarlı ilə Məmmədov ilk "5-liy"ə düşməyi bacarmalıdır. Başqa sözlə, finalçılar və yarımfinalçılarla yanaşı, 1/4 final mərhələsində sonradan birinci olacaq rəqibə uduzan idmançılar Rio rinqində mübarizə aparmaq hüququ əldə edəcək. Turnir "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Boksçularımızın hər üçü lisenziya qazana bilsə, Azərbaycanın kişilərdən ibarət yığması olimpiadada tam heyətlə - 10 əlcək ustası ilə təmsil olunacaq. Əvvəlki 7 lisenziya ötənilki dünya çempionatında və bu il Avropa Təsnifat Turnirində əldə edilib.
Sportnet.az məsul yarış öncəsi yığmamızın məşqində olub.
Teymur Məmmədov: "Mən o çəkidən öz xoşumla getmədim"
Əlcək ustalarımız kubalı baş məşqçi Pedro Rok və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Azərbaycan Boks Federasiyasının təlim-məşq zalında gündə iki dəfə olmaqla hazırlıq keçirlər. Yığmamızla yanaşı, toplanışda ABŞ və İrlandiya da daxil olmaqla, bir sıra aparıcı boks ölkələrinin təmsilçiləri də iştirak edirlər.
Həftədə beş gün, gündəlik iki dəfə olmaqla hazırlıq keçən əlcək ustalarımız özlərini yarışa tam hazır hiss edir.
"Türkiyənin Samsun şəhərindəki Avropa Təsnifat Turnirində öz səhvlərim ucbatından yerli boksçuya uduzdum. Bakıdakı yarışa çox yüksək səviyyədə hazırlaşmışıq. İnanıram ki, lisenziyanı qazanacağam". Bu sözləri dünya çempionatının və 2012-ci il London Yay Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Teymur Məmmədov dedi. Tanınmış boksçu hazırda yaxşı formada olduğunu bildirdi: "Pik formadayam. Rəqiblərimdən heç birini özümdən güclü hesab etmirəm. Yalnız Rusiya boksçusu Georgi Kuşitaşvilini digərlərindən nisbətən güclü sayıram. Onunla da Türkiyədə qarşılaşıb qalib olmuşam. Kuşitaşvili böyük revanş istəyi ilə Bakıya gəlir".
Məmmədov əvvəllər çıxış etdiyi 91 kiloqram çəki dərəcəsindən getməsi ilə bağlı da danışıb: "Mən o çəkidən öz xoşumla getmədim. Sınaq döyüşündə Abdulqadir Abdullayevə uduzdum. Bundan sonra elə oldu ki, məşqçilər heyəti çəkimi dəyişməyi məsləhət gördü. Gələcəkdə yenidən əvvəlki çəkimə qayıtmağı düşünürəm. 91 kq mənim üçün daha rahat və uğurlu çəki idi".
Rüfət Hüseynov: "Mənim lisenziya qazanmağım daha çətindir"
Təcrübəsinin az olmasına rəğmən, Kamran Şahsuvarlı da iddialı danışdı: 23 yaşlı boksçu lisenziya yolunda elə də ciddi maneəsinin olmadığını düşünür: "Rəqiblərimin bəziləri ilə qarşılaşmışam. Gözümü qorxudan bir boksçu yoxdur. Aralarında ən güclüləri İrlandiya, Türkiyə və Ukrayna təmsilçiləridir. Onlarla da başabaş mübarizə aparacağıma əminəm. İnanıram kİ, "beşliy"ə düşəcəyəm".
Komanda yoldaşlarına nisbətdə işi daha çətin olan Rüfət Hüseynov çox yaxşı hazırlıq keçdiyini və turnirdə özünü ən yaxşı tərəfdən göstərmək gücündə olduğunu dedi: "Məmmədov və Şahsuvarlı ilə müqayisədə mənim lisenziya qazanmağım daha çətindir. Amma komanda olaraq həm ABŞ-da, həm də doğma divarlar arasında yüksək səviyyədə hazırlıq keçmişik. Yalnız lisenziya üçün vuruşacağam".
Nəriman Abdullayev: "Teymurla Kamranın şansı Rüfətdən çoxdur"
Təlim- məşq toplanışı və qarşıdakı lisenziya turniri barədə komandanın məşqçisi Nəriman Abdullayev də suallarımızı cavablandırdı:
- Hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- 10-dək ölkənin boksçuları hazırda bizimlə məşq keçir. Onlar arasında olimpiadalar, dünya və Avropa çempionatlarının qalib-mükafatçıları da var. Çoxu yarışda iştirak etməyəcək. Yəni, lisenziyanı artıq təmin ediblər. Olimpiadaya hazırlıq çərçivəsində Bakıya təşrif buyurublar. Bu da bizim boksçularımız üçün yaxşı fürsətdir.
- Üç boksçumuz lisenziya turnirində çıxış edəcək. Onların şanslarını necə dəyərləndirirsiniz?
- Hər üçünün potensialı böyükdür. Teymurla Kamranın şansı nisbətən çoxdur. Amma Rüfət də perspektivli boksçudur. İnanıram ki, o da doğma divarlar amilindən maksimum istifadə edərək, bizi sevindirəcək.
- Bəs olimpiadada minimim məqsəd nədir?
- Medalların əyarı barədə konkret nəsə deyə bilmərəm. İki-üç, hətta dörd medala iddialıyıq. Əvvəlki nəticələri üstələmək potensialına malikik.
- Potensial medalçı olaraq kimləri görürsünüz?
- 49 kq-da mübarizə aparan boksçumuz lisenziya qazansa, olimpiadada medal qazanma şansları yüksəkdir. Elvin Məmişzadə son dünya çempionudur. Çox gözəl döyüş texnikası var. Eləcə də Məhəmmədrəsul Məcidov çox güclüdür. Amma rəqibləri də ona qarşı son vaxtlar çox ciddi hazırlaşırlar. Bunu axırıncı görüşlər də göstərir. İşi çətin olsa da, təcrübəsi və iradəsi hesabına medal qazanacağına inanıram. Cavid Çələbiyev, Lorenso Sotomayor və Teymur Məmmədov da medala iddialı boksçularımızdır.
- Çələbiyevin çəkisində Avropa Oyunlarının bürünc mükafatçısı da yer alıb. Bu baxımdan, dünya çempionumuzun olimpiadaya gedəcəyi artıq dəqiqləşib?
- Bəli.
Qeyd edək ki, Azərbaycan boksçularından əvvəlki lisenziyalara Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) sahib çıxacaq. Qadınlardan isə yeganə lisenziyanı ölkəmizə Yana Alekseyevna (60 kq) qazandırıb.
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.