Sərbəst güləş üzrə Azərbaycan milli komandası Bakıda növbəti təlim-məşq toplanışına başlayıb.
Sportnet.az-ın məlumatına görə, Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesinə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov nəzarət edir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanışa gənclərdən ibarət yığmanın aparıcı üzvləri də cəlb edilib. Avrpa çempionatına və lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.
Hüseynov yığmanın bu il qatıldığı ilk yarış, komandanın son vəziyyəti və hazırlıq prosesi ilə bağlı federasiyanın rəsmi saytına açıqlama verib: "İstanbulda Türkiyə, Bolqarıstan, Hindistan və Qazaxıstan komandaları ilə birgə yaxşı təlim-məşq toplanışı keçdikdən sonra Yaşar Doğunun xatirə turnirinə qatıldıq. Güləşçilərimiz çox yaxşı çıxış etdi. 4 qızıl, 1 gümüş və 6 bürünc medal qazandıq. Gənclər özlərini yaxşı tərəfdən göstərdi. Düzdür, Toğrul Əsgərov medal qazana bilmədi. Ancaq uzun fasilədən sonra çıxdığı ilk yarışda xoş təsir bağışladı. İki görüşdə qələbə qazandı. Bu, Avropa çempionatı öncəsi son yarışımız idi. Qitə birinciliyindən sonra isə bizi lisenziya turnirləri gözləyir. Bu yarışlardan sonra komandamızın olimpiada üçün heyəti müəyyənləşəcək. Ancaq ilk növbədə, lisenziyaları qazanmalıyıq. "Tokio 2020" Yay Olimpiya Oyunlarına mümkün qədər çox vəsiqə əldə etməliyik. Gələn həftə Türkmənistan, Ukrayna və Hindistan komandaları da bizimlə birgə toplanış keçmək üçün Bakıya gələcək. Avropa çempionatından sonra isə lisenziya yarışlarına qədər Kislovodsk və Mahaçqalada hazırlıq prosesi nəzərdə tutulub".
Qeyd edək ki, Avropa çempionatı 10 - 16 fevralda İtaliyada, Avropa Olimpiya Təsnifat turniri 19 - 22 martda Macarıstanda, Dünya Olimpiya Təsnifat turniri isə 30 aprel - 3 mayda Bolqarıstanda keçiriləcək.