Bu gün Gənclər və
İdman Nazirliyində "Bakı 2015" I Avropa Oyunlarında medal qazanmış Azərbaycan
karateçiləri ilə görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, görüşdə
nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, Azərbaycan Milli Karate
Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, baş məşqçi Rəhman Hətəmov və
medal qazanmış idmançılar iştirak edib.
Y.Bəşirov bildirib ki,
Açılış və Bağlanış mərasimləri ilə yanaşı, idmançıların çıxışları da yüksək səviyyədə
olub: "İlk olaraq, karateçilər yarışa qatıldı. İlk medal İlahə Qasımovanın
adına yazıldı. Rafael Ağayev də öz sözünü dedi və dünyada bir nömrə olaraq
qaldı. 21 dəfə Bakıda himnimiz səsləndi ki, bunların da 4-ü karateçilərimizin
payına düşdü. Bundan gözəl nəticə ola bilməz".
Federasiya prezidenti
idmançıların belə yüksək səviyyədə çıxış edəcəyini gözləmədiklərini deyib. O
qarşıdakı yarışlar haqda da məlumat verib: "Payızda İndoneziyada keçiriləcək
yeniyetmə və gənclər arasında dünya çempionatına qatılacağıq. Ola bilsin, həmin
gənclərdən 2017-ci il İslam Həmrəyliyi Oyunlarında da çıxış edəcəklər. Həmişə çətin
anda nazir Azad Rəhimova müraciət etmişik və o da bizə kömək edib. Gələn aydan
hazırlıqlar başlayacaq".
Y.Bəşirov karate növləri üzrə digər milli federasiyaların AMKF adından çıxış etmələrinə də münasibət bildirib: "Xahiş edirəm heç kim bizim nəticələri başqa federasiyaların adına yazmasın. Rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan bizik. Hər il nəticələrimiz artır və gələcəkdə də bu cür davam edəcəyik".
"Bizdən sonra hər
hansı ölkə Avropa Oyunlarını keçirərsə, bu, bizim standrtlara uyğunlaşmalıdır.
Olimpiya Oyunlarının da öz standartı var. Azərbaycan isə Avropa Oyunlarının
standartını müəyyənləşdirdi". Bunu
Mirkamil Rəhimov deyib.
Azərbaycanın daim
inkişafda olduğunu bildirən nazirlik rəsmisi qazanılan medallardan danışıb:
"Artıq bir neçə ölkə düşünür ki, bu Oyunları keçirə bilərikmi? Azərbaycan
daim inkişafdadır. 1990-cı illərdə beynəlxalq yarışlarda cəmi 21 medal
qazanırdıq, amma indi bu medallar 800-ü keçib".
M.Rəhimov legionerlərlə
də bağlı fikir bildirib. Onun sözlərinə görə, əcnəbi idmançılar olmayan yerdə rəqabət
də olmur: "Biz legionerlərimizlə fəxr edirik. Legioner karateçimiz İrina
Zaretskanın çıxıb Azərbaycan himnini oxuması bizə qürur verir. Legioner olmayan
yerdə rəqabət olmur. Bir vaxtlar güləşdə çoxlu legionerlər vardı. Amma indi demək
olar ki, yoxdurlar".
"Gözəl o vaxt
olur ki, Azərbaycanın himni səslənir. Biz ilk növbədə tanınmağa yox, Azərbaycanı
tanıtmağa çalışırıq". Bunu bu gün Gənclər və İdman Nazirliyində keçirilən
tədbirdə "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış
karateçi Rafael Ağayev deyib.
4 qat dünya və 12 qat
Avropa çempionu qədər dövlət himnini səsləndirməyə bacardıqları qədər
çalışacaqlarını bildirib: "Nə qədər ki, canımız suludur, himnimizi səsləndirməyə
çalışacağıq. Sumqayıtda həmişə məşqlərimi davam etdirirəm. Yarış olsa da,
olmasa da mən məşq zallarına gedib hazırlaşıram".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan karateçiləri 4 qızıl və 2 bürünc medal qazanıb.