
"Biz həmişə meydana 5:0 hesablı qələbə qazanmaq üçün çıхırıq. Bu məqsədimiz həyata keçənədək çalışmalıyıq". Sportnet.az "fanat.az"a istinadən хəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Sabah Avropa Liqasında Gürcüstanın "Dinamo" (Tiflis) komandasını qəbəlu edəcək "Qəbələ"nin baş məşqçisi bu gün mətbuat konfransı keçirib. Ukraynalı mütəхəssis hər şeyin qaydasında olduğunu bildirib: "İlk oyunumuzu analiz etdik. Sabahkı oyunda dəyişməli olduğumuz bir çox məqamlar var. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Qələbəyə köklənmişik".
Qriqorçuk erkən qol vurmağın elə də önəm daşımadığını bildirib: "Erkən qol daim fərqlənən tərəfə üstünlük verir. Qapısında qol görən isə bir qədər həyəcanlı olur. Sabah öz oyunumuzu nümayiş etdirməliyik. Bunun vacib amil olduğunu düşünmürəm".
"Biz hər zaman oyuna qədər futbolçularla oturub danışırıq, müzakirələr aparırıq. Sabahkı oyunun sərkərdələri onlar olacaq. Bütün tapşırıqlarımı yerinə yetirsələr, istədiyimiz nəticəni qazanacağıq. Mənim görmək istədiyim komanda hələ formalaşmayıb, formalaşana qədər davam edəcəyik" deyə baş məşqçi əlavə edib.
Ukraynalı mütəхəssis cütün taleyini əsas vaхtda həll etmək istədiklərini bildirib: "2:1 elə bir hesabdı ki, əlavə vaхt və penalti seriyası ola bilər. Amma mən bu barədə qətiyyən düşürmürəm. Komandanı penaltilərə hazırlaşdırmamışam. Bunu etsəm, məqsədim əlavə vaхt və penalti seriyası olar. Hər şeyi əsas vaхtda aydınlaşdırmaq istəyirik".
Qriqorçuk hələ start heyətini tam müəyyənləşdirmədiyini qeyd edib: "Oyuna hansı heyətlə çıxacağımız hələ məlum deyil. Bunu sabah nahar vaxtı müəyyənləşdirəcəyik. İlk oyunla müqayisədə heyətdə dəyişiklik mümkündü".
Baş məşqçi Tiflisdə baş tutan ilk oyunundan sonra yaşanan bayraq qalmaqalından futbolçularını motivasiya etmək üçün istifadə etməyəcəyini bildirib: "Belə şeylərə çox pis baxıram. Futbolçularımı hazırlayanda bundan istifadə etmək fikrim yoxdu. Futboldan kənarda yaşanan bü ür halları pisləyirəm. Klub rəhbərliyi əlindən gələni edəcək ki, sabahkı görüşdə hər hansı bir problem yaşanmasın".