Rusiya çempionatının 2-ci tur matçında "Anji"nin baş məşqçisi Yuri Syominlə Moskva "Lokomotiv"inin futbolçusu Aleksandr Səmədov arasında insident baş verib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin sabiq baş məşqçisi ilk yarıda əslən azərbaycanlı yarımmüdafiəçiyə irad bildirib.
Nəticədə onların arasında qısa müddətli söz savaşı yaranıb. Oyundan sonra Syomin Səmədova simulyasiyaya yol verməsi səbəbindən etiraz etdiyini açıqlayıb: "Mənimlə onun arasında heç nə baş vermədi. Sadəcə, dedim ki, hər toxunuşdan sonra sonsuz sayda yerə yıxılmaq olmaz. Həmin epizodda heç bir qayda pozuntusu yox idi və yıxılmaq lazım deyildi".
Qeyd edək ki, Mahaçqalada keçirilmiş matç "Lokomotiv"in qələbəsi ilə yekunlaşıb - 3:1. Aleksandr Səmədov əvəzləndiyi 90+1-ci dəqiqəyədək qol vura bilməsə də, məhsuldar ötürmə ilə yadda qalıb.