Bakıda "Sea Breeze Arena"nın inşasına bir ay sonra başlanacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında stadionu ərsəyə gətirəcək "FN Sports &Development" şirkətinin prezidenti Sərdar Salmanzadə bildirib.
O qeyd edib ki, arenanın 2027-ci ildə başa çatdlrılması nəzərdə tutulub: "Açılışa bir neçə məşhur futbolçu gələcək. Eyni zamanda, həmin tədbirdə milli komandalar səviyyəsində yoldaşlıq görüşü nəzərdə tutulub".
Salmanzadə stadionda oynamaq üçün bir neçə klubdan təklf aldıqlarlnı, amma stadionu hansısa kluba təhkim etmək istəmədiklərini dilə gətirib: "Özümüz burada bir komanda yarada bilərik".
"Şəfa"nın sabiq prezidentinin sözlərinə görə, hazırda bu kluba heç bir bağlılığı yoxdur: "Bu stadionda yalnız "Şəfa"nın ev oyunlarını keçirəcəyinə dair xəbərlər həqiqətə uyğun deyil. Bu stadion hər bir kluba açıq olacaq".
Salmanzadə "Sea Breeze Arena" ilə kifayətlənməyəcəklərini dilə gətirib: "Bu, son işimiz deyil. Azərbaycan futboluna bir neçə stadion bəxş etmək istəyirik. Eyni zamanda dünya səviyyəsində klubların franşizasını əldə edəcəyik".
Şirkət rəsmisi stadionun süni örtüklü olacağını da vurğulayıb: "Dəniz kənarında otun təbii olması qeyri-mümkündür. Çünki suyun şoranlığı amili var. Norveçin “Budö Qlimt” klubunun oynadığı örtük kimi keyfiyyətdə meydança olacaq. Hələlik tribunanın üstü açıq olacaq. Stadionun altında isə avtomobil dayanacaqları olacaq".






































































