"Al Qadisiyah” klubunun baş məşqçisi Qyoko Haciyevski "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları yoxlama matçını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, makedoniyalı mütəxəssis belə görüşlərin komandaların yaxşı və pis tərəflərini görmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
O bildirib ki, "Neftçi” güclü komanda, futbolçuları isə texnikalı və fiziki baxımdan hazırlıqlıdırlar. Haciyevski flaqmana Avropa Liqasında uğurlar arzulayıb: "Avrokuboklarda "Neftçi”yə və Azərbaycanın digər klublarına azarkeşlik edəcəyəm”.
Qeyd edək ki, Qyoko Haciyevski azərbaycanlı futbolsevərlərə kifayət qədər tanış simadır. O, 2007 - 2009-cu illərdə "Bakı"nın, 2007-ci ildə qısa müddət ərzində Azərbaycan millisinin, 2010-2011-ci il mövsümündə isə "Simurq"un baş məşqçisi olub. Haciyevski 2008-2009-cu il mövsümündə "Bakı"ya çempionluq və 2009-2010-cu il mövsümündə Avropa Liqasında "pley-off" həyəcanı yaşadıb.