
Növbəti püşk iki iştirakçı – həm İlkin Fikrətoğlu (ATV), həm də Sənan Abdullayevin ("Xəzər" TV) E qrupunda finiş xəttinə 2 xalla çatmaları səbəbindən atılıb. Qrup qalibi adını 3 xalla "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov qazandığından, 2-ci pillənin sahibi televiziya əməkdaşları arasından seçilməli olub. Bu məqsədlə hər iki həmkarımız ofisə dəvət olunub. İlkin Fikrətoğlu üzürlü səbəbdən gələ bilməyib. Nəticədə 1/8 finalçını Sənan Abdullayev müəyyənləşdirib.
İlkin Fikrətoğlu isə qalib olduğunu öyrəndikdən sonra fikirlərini belə ifadə edib: "Sənan Abdullayevə həm jurnalist, həm də insan kimi böyük hörmətim olduğundan, belə bir situasiyalarda onunla üz-üzə gəlmək istəməzdim. Hətta tam səmimi deyirəm: yarışmadan Abdullayevin xeyrinə geri çəkilmək fikrində idim. Amma təşkilatçılar dedilər ki, hər oyunun öz qayda-qanunu var. Xallarınız və əlavə göstəriciləriniz bərabər olduğundan, qalib püşklə müəyyənləşməlidir. Bu, sırf bəxt və intuisiyadan asılı olan yarışmadır. Elə alındı ki, püşkatma nəticəsində bəxt mənim üzümə güldü. Qardaşımız Sənandan halallıq istəyirəm. Çalışacağam ki, növbəti mərhələlərdə də medianı bacardığım qədər yaxşı səviyyədə təmsil edim. Təbii ki, şansın köməkliyi ilə. Çünki burada hər şey məndən asılı deyil".
Qeyd edək ki, İlkin Fikrətoğlu 1/8 finalda F qrupunu 1-ci pillədə başa vurmuş Oqtay Abdullayevlə üz-üzə gələcək. E qrupunun lideri Ruslan Əmircanov isə G qrupunun 2-cisi Yaşar Seyidovla qarşılaşacaq.
Ceyhun ƏLİYEV














