
Sentyabrın 7-də ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatı üçün Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bununla bağlı Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə görüş keçirilib.
Komandanın hazırlıq prosesindən razı olduğunu bildirən AGF I vitse-prezidenti Namiq Əliyev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaq istədiklərini bildirib: "Komandanın hazırlıq prosesindən razıyam. Dünya çempionatı Rio-2016-ya ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik. Belədə Olimpiya Oyunlarına daha rahat hazırlaşa bilərik. Düşünürəm ki, ABŞ-da çıxış etmək asan olmayacaq. Amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. 90 faiz güləşçimiz dünya və Avropa çempionu, yarışların mükafatçılarıdır. Hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, indi o, optimal formadadır. Əsas məqamlardan olan uyğunlaşma prosesini də nəzərə almışıq. Buna görə də ABŞ-a avqustun 31-də yola düşəcəyik. Fikrimcə, adaptasiya ilə bağlı problem olmayacaq”.
Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə yığmanın heyəti Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Komanda üzvləri baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq.
Dünya çempionatında sərbəst güləş yarışlarında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) çıxış edəcək. Yığmamıza baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiya rəhbərlik edəcək.
Qeyd edək ki, hazırda Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışında olan qadın güləşi üzrə yığmamızın heyəti yaxın günlərdə açıqlanacaq.