AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin Xorvatiya yığması ilə oyunundan sonra fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Abdullayev jurnalistlərə açıqlamasında millimizin yaxşı çıxış etdiyini söyləyib.
Onun fikrincə, futbolçular 90 dəqiqə boyunca durmadan çalışıblar: "Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, heyətlərində Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir. Bütün futbolsevərləri təbrik edirəm".
Qarşılaşmadan sonra futbolçuları tərifləyərək 1 xal münasibətilə təbrik etdiyini deyən Abdullayev millidən belə davam etməsini istədiyini dilə gətirib. O, oyun öncəsi komanda ilə keçirdiyi görüşdən də danışıb: "Futbolçulara dedim ki, Osiyekdə 0:6 hesabı ilə uduzduğumuz görüşün ilk hissədən sonra stadionu tərk etdim. Bu, həyatımda birinci dəfə idi. Dözə bilməmişdim. Onlara söylədim ki, elə edin, bu məğlubiyyətin əvəzini çıxın. Futbolçularımız da bacardılar. Xorvatiyalılar çox arxayın gəlmişdilər".
AFFA-nın prezidenti Azərbaycan Cüdo Federasiyasına da rəhbərlik edəcəyinə dair xəbərlərə isə belə münasibət bildirib: "Baxarıq, görək də".