"Bu oyuna da digərləri kimi hazırlaşırıq. Fikrimcə hazırlıq prosesi normal qaydada keçib". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Neftçi" klubunun baş məşqçisi Samir Əliyev deyib.
Azərbaycan Premyerl Liqasının V turunda sabah "Xəzər Lənkəran"la keçiriləcək oyundan öncə fikirlərini bildirən S.Əliyev heyətdə problemlərin olduğunu deyib. O, bildirib ki, qapıçı Aqil Məmmədov zədəli, müdafiəçi Ferreyra Ailton isə qırmızı vərəqə səbəbindən "ağ-yaşıllar"la oyunda meydana çıxa bilməyəcək və qapıda Peskoviç Miçal olacaq.
Baş məşqçi komandanın yeni transferi braziliyalı Filyonun taleyinə aydınlıq gətirib: "Onun komanda qalmasına qərar verdik. Gələn həftə müdafiəçi ilə müqavilə imzalayacağıq. Filyo növbəti turdan komandanın heyətində yer ala biləcək".
"İlk baxışdan cənub təmsilçisinin heyətinin böyük əksəriyyətini gənclər təşkil edir. Unutmayaq ki, bu futbolçular ötən mövsüm də komandanın əsas heyət üzvləri olublar. Bizdə də yetərincə gənc futbolçu var. İnanıram ki, sabah azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər" - deyə, S.Əliyev bildirib.
Onun sözlərinə görə, komanda hazırkı heyətlə "Xəzər Lənkəran"la oyundan qalib ayrılmaq üçün əllərindən gələni edəcək: "Xalları çətinliklə qazanırıq. Qışadək yolumuzu bu heyətlə davam etdirəcəyik. Qış fasiləsində daha 2 əcnəbi transfer edəcəyik. Ancaq mövqeləri hələ dəqiqləşməyib. Hansı mövqedə boşluq olsa, gücləndirmə olacaq".
Baş məşqçi çempionatda eniş zolağının qaçılmaz olduğunu deyib: "Futbolçularımızın əksəriyyəti gəncdir. Onlardan sabit nəticələr gözləmək yersizdir. Klubun aşağı yaş qruplarında da işlər gedir. Kim ələkdən keçəcək, özünü doğruldacaqsa, o əsas heyətdə möhkəmlənəcək. Hazırda Kamal Qurbanov Məqsəd İsayevlə rəqabət aparır, Mirabdulla Abbasov, Orxan Qurbanov var. Onlara istəyirik çox şans verək. Amma nəticələr bizi sıxır".
Gənc mütəxəssis bir müddət əvvəl milli komandanın üzvləri Vüqar Nadirov və Ruslan Abışovun adlarının "Neftçi" ilə yanaşı çəkilməsindən də danışıb. O, sözügedən futbolçuların "Neftçi"nin gündəmində olmadığını deyib.
S.Əliyev qonaq komandanın azarkeşlərinin stadiona buraxılmamasına da münasibət bildirib: "Bununla bağlı qərar verilib. Hər bir qərara hörmətlə yanaşıram. Ancaq futbol azarkeşlər üçün oynanılır. Ümid edirəm, artıq növbəti dövrədə hər iki komandanın fanatları tribunalara buraxılacaq".
Baş məşqçinin fikrincə "Neftçi" və "Xəzər Lənkəran" komandalarının görüşü "Böyük oyun" stastusunu itirməyib.