Sportnet.az-ın "Sportşou” rublikasının növbəti qonağı əməkdar artist, "İlin musiqiçisi” titulunun sahibi, skripkaçı Səlim Abbasovdur.
- İdmanın hansı növləri ilə məşğul olursunuz?
- Uşaqlıqdan demək olar ki, getmədiyim idman növü olmayıb: güləş, sambo, boks, futbol. Bir ara kyokuşkinkaya meylli oldum. O vaxtlar, adətən, döyüş filmlərinə baxa-baxa yaxşı mənada istəyirdin ki, küçəyə çıxasan, sənə kimsə sataşsın, dava edəsən. Təbii ki, bu, həvəs idi. Ailədə hamı musiqiçi olduğundan, mən də bu istiqamətdə davam etdim. Amma tez-tez futbol oynayıram, bu səbəbdən, siz də məni bura dəvət etmisiniz.
- Uşaq vaxtı ailəniz futbolu seçməyinizə problem yaratmasaydı, indi haralarda olardınız?
-
Bir az çətindir. Mən futbol oynayan vaxt Azərbaycanda futbolçu kimi inkişaf edib, İspaniya, İngiltərə, İtaliya çempionatlarında oynamaq çox çətin idi. Başqa ölkədə, ən azı, Türkiyədə doğulsaydım, mən 100% ən aşağısı Almaniya, İtaliya, İspaniya çempionatında oynamaq gücünə malik ola bilərdim. Dostlarım mənə həmişə deyirlər ki, səndə Robbenlə Messinin qarışığı var. Hərdən də bir az Ronaldo qatırsan. Robbenin hazırki oyununu çox bəyənirəm, necə ki mənim skripkam həmişə üstümdədir, bu adam da elə bil ki, topu görəndə yaxın adamını görür. Yəni, futbolla nəfəs alır. Mən bəlkə də futbolçulardan çox futbol oynayıram.
- Seçim imkanınız olsaydı, hansı peşəni seçərdiniz: musiqiçiliyi, yoxsa futbolçu olmağı?
- Azərbaycan səviyyəsi üçün təbii ki, musiqiçiliyi. Çünki futbolçu kimi güclü seleksiyaçılar olmalıdır ki, səni tapıb, kəşf etsinlər. Düzdür, "Bakı” klubunun rəhbərliyi sağ olsun ki, belə şərait yaradıblar. "Qəbələ”, "Neftçi”, "Qarabağ”da da belə imkanlar mövcuddur. Amma burada. təbii ki, naxış söhbəti də var. Elə oyunçular var ki, çox güclü potensiala malik deyil, sadəcə bir az qabında var, bir az da naxışI gətirib. Məsələn, İspaniyada doğulub futbol oynayan uşaqla Azərbaycanda doğulub futbol oynayan arasında "N" qədər fərq var. Çünki onun daha çox parlamaq ehtimalı var, nəinki Azərbaycandakı uşağın. Musiqiçi kimi tədbirlərə daha çox dəvət alırıq, xaricə gedirik, amma futbolçu kimi gecə-gündüz röyalarında "Real Madrid"dir. Təbii ki, bunun olmasını hamımız arzulayırıq. Amma yenə də çətin gözlənilən şeydir ki, Azərbaycanın bir oyunçusu gəlsin İspaniya, İtaliya çempionatında oynasın. Orada rəqabət dəhşətli dərəcədə güclüdür. Təbii ki, istərdik irəliləsinlər, çünki Azərbaycanımızın adıdır. Soruşanda da hardan gəlib, desinlər Azərbaycandan. Bu yaxınlarda Küveytdə idim, Azərbaycan deyəndə soruşurdular: "Atletiko"? Bu, reklam kimi Azərbaycanımız üçün böyük şey idi.
- "İlin musiqiçisi” titulunun sahibi Səlim Abbasov "İlin futbolçusu" titulunu kimə verərdi?
- Mən tərəfkeşlik etmək istəmərəm. Azərbaycanlı futbolçulardan dostluq etdiklərim var ki, hücumçu kimi Vüqar Nadirov, yarımmüdafiədə Qara Qarayev çox gözəl təsir bağışlayır, Fərhad Vəliyev və Kamran Ağayev də çox gözəl qapıçıdır.
- Futbolun dostu hesab edilən skripkaçı Səlim futbol aləmində kimləri özünə dost görür?
- Vüqar Nadirov, Qara Qarayev, Fərhad Vəliyev, Kamran Ağayev, Rəşad Sadıqov, Aqil Nəbiyev, Cavid Hüseynov, İlqar Qurbanov. Bəzən olur ki, eşidirəm haradasa futbol tədbiri var, kubok veriləcək. Adətən müəyyən konsertlər təşkil olunur, müğənnilərə vəsait ayrılır, çıxış edirlər. Özüm zəng vururam ki, tədbir haradadır, gəlim 2-3 mahnı ilə futbolçu dostlarımı təbrik edim. Gözləmirəm ki, desinlər "Səlim gəlsin". Bu, futbola bağlılığımdan irəli gəlir, həm də yaxın dostlara görə getmək lazımdır.
- Meydanda çoxundan yaxşı oynadığınızı, hətta peşəkar futbolçuların sizin kimi oynamadıqlarını deyirlər. Doğrudur?
- Yox, "professionallardan yaxşı" desək, futbolçu dostlarımızın xətrinə dəyər. Sadəcə, musiqidəki kimi futbolda da canımı qoyuram. Hərdən deyirlər ki, niyə özünü öldürürsən, elə bil ki, oyun qurtarandan sonra sənin cibinə 100 min pul qoyacaqlar. Özünə bir az fikir ver, elə bütün günü qaçırsan, axırda skelet olub yoxa çıxacaqsan. Futbolu doğrudan da çox sevirəm. Keçən dəfə futbolçu, jurnalist, aktyor, müğənni dostlarla birgə futbol oynayırdıq, hesab 11:11, ya 12:12 qurtardı. Deyirdilər ki, imkan ver də, get skripkanı çal, mahnını oxu. Həqiqətən ürəklə oynayırdım, çünki biri var bu işin içində olan adam, biri də var həvəskar. Biz futbolçu deyilik ki, gedək çempionatda oynayaq. Amma həvəskarlar liqasında oynamışam. Daha sonra Bakıda keçirilən şou xarakterli futbol turniri olmuşdu, bir neçə türk müğənni - İbrahim Ərkal, Çelik, Davud Güloğlu gəlmişdi. Biz burada onlara qarşı oynadıq. Bizim komandada da meyxanaçı Vüqar, Vüqar Bəxtiyar, Ağadadaş Ağayev, Səməd Səmədov, Ədalət Şükürov vardı. Foyedə danışırıq, hamı deyirdi ki, onlar udacaqlar, dedim niyə narahatsınız, guya onlar bütün gün futbol oynayırlar? Elə oldu ki, 9:5 hesabı ilə biz onları udduq.
- Messinin DÇ-2014-dəki performansını necə dəyərləndirə bilərsiniz?
- Çox güclü. Messini çox xoşlayıram. Yeganə oyunçudur ki, doğrudan da vergilidir. Topu ayağında saxlayır, top bitişib bunun ayağına. Futbola canını qoyur. Düzdür, Ronaldo da güclü oyunçudur. Həmişə Pele, Maradona, Anri, Zidan, Bekhen, Ronaldinyo möhtəşəm oyunçular olub. Ronaldo və Messi dünyanın ən yaxşı oyunçuları olublar. Çox istərdim ki, ya Robben ya da İbrahimoviçə dünyanın ən yaxşı futbolçusu adını versinlər. Mənə elə gəlir ki, Avropa çempionatında Portuqaliyanın yerinə İsveç olsaydı, qrupdan çıxardı. Çünki Portuqaliya Almaniyaya qarşı çox biabırçı oyun göstərdi, o boyda Ronaldo özünü göstərə bilmədi. Dünyanın ən yaxşı oyunçusu hər oyunda ən azı bir qol vurmalıdır. Hazırki oyunlardan yenə də Messi yerindədir, amma istəyirəm ki, Hollandiya çempion olsun. Çempionat başlayandan bəri "Barselona" ilə "Atletiko" oynayanda mən bir dənə o "Azerbaijan Land of Fire" yazısına görə istəmədim ki, "Barselona" udsun. Messi hər qaçdıqca deyirdim ki, qol olmasın. Belə-belə Messinin yolunu elə bağladım ki, "Atletiko" çempion olsun. Uşaq vaxtlarımdan hamı klublarda "Plesteyşn” oynayanda "Barselona"nı, "Real Madrid"i götürürdülər, yığmalardan da hamı Braziliyanı seçirdi. Hollandiyanın sürətini bir az zəif vermişdilər, amma mən məcburiyyət qarşısında Argentinanı, Batistutanı götürürdüm. İndi isə çox istərdim ki, Robben çempion olsun. Hərdən deyirlər futbolda veteran elə-belə, amma Robbenin 32-33 yaşı var, doğrudan da futbolda çox can qoyur. Bir də Çilidə Aleksis Sançes var. "Barselona"da oynayanda çox can qoyur. Mən Rusiyanın 1/8 finala yüksələcəyini gözləyirdim, amma keçmədi. Öz səhvi ucbatından. Düzdür, Koreya zəif komanda deyil, amma sən Koreya və Əlcəzairlə bərabərə qalırsansa, nədən danışırsan? Dünya çempionatına qədər olan oyunlar var, bir çox oyunlarda Rusiya uddu, axırda gəldi məntiqsiz nəticə göstərdi. Italiya ilə İngiltərənin qrupdan çıxa bilməməsinə çox üzüldüm. İtaliya birinci oyunu udanda hamı dedi ki, İtaliya çempionluğa namizəddir, amma qrupdan çıxa bilmədi.
- Argentina Messinin səyi nəticəsində qrupdan çıxdı. Bəs Sizcə, onun sayəsində finala gedə bilər?
- Bilirəm ki, İranın çox gözəl mini-futbolu var, çox güclü oynayırlar. Hətta deyərdim ki, mini-futbolda Braziliya ilə başabaş mübarizə aparırlar. Amma Argentina kimi komandaya 0:1 hesabı ilə uduzmaq nə deməkdir. Argentina gərək İrana səviyyəyə görə ən azı 5 qol vuraydı. Argentina yığmasının bəzi önəmli futbolçuları bu mövsüm Avropada oynadıqlarına görə çox yorulublar. Yorğunluq da özünü büruzə verir.
- Messi, yoxsa Ronaldo?
- Messi desəm, Ronaldonun azarkeşləri məndən inciyər, Ronaldo desəm, Messinin azarkeşləri. İndiki oyuna görə mən Robben deyərdim. Deyərdim ki, çempionatın ən yaxşı oyunçusu adına iki namizəd var. Biri Robben, digəri isə Almaniyadan Müller.
- DÇ-2014-də favorit hesab edilən komandaların əksəriyyəti qrupdan çıxa bilmədi...
- Hamı "Braziliya” deyir. Mən favorit kimi Hollandiya, Argentina, Almaniya, İspaniya demişdim. Visente Del Boskenin müəyyən səhvləri oldu. Andres İnyesta ilə Xavini birgə oynatmaq lazım idi, amma baş məşqçi İnyestanı oyuna saldı, Xavi çöldə qaldı, sonra Dieqo Kostanı oyuna saldı, top gəlmədi. Alınmadı, oyun getmədi. Müəyyən dəyişikliklər edib, nəticə qazana bilərdi. Mənə elə gəlir ki, bəlkə də Del Boskenin əvəzinə Joze Mourinyo olsaydı, bəlkə başqa bir təcrübəli məşqçi olsaydı, demirəm Del Boske təcrübəsizdir, amma onu oxumalı idi ki, oyun getmir. Ayıbdır, İspaniya Çiliyə 0:2 hesabı ilə uduzur. İspaniya Hollandiya ilə oyunda 5 top buraxdı, İker Kasilyas elə bil, hovuz vardı, üzürdü yerdə. Robben onlardan acığını çıxdı. "Bavariya"nın heyətində "Real Madrid”ə qarşı Çempionlar Liqasının yarımfinal oyununda ayağına vururdular, oynamağa qoymadılar. Elə bil həm "Real Madrid”dən acığını çıxdı, həm də "Barselona"dan.
- Robben topu götürüb saatda 37 km saat sürətlə qaçıb qol vurdu. 30 yaşlı futbolçunun bu çıxışı barədə nə deyə bilərsiniz?
- Azərbaycanda olsaydı, deyəcəkdilər ki, artıq veterandır, görürsünüz necə oynayır? O da ondan irəli gəlir ki, gecə-gündüz dayanmadan çalışır. 32-33 yaşını keçəndən sonra futbolçuların çoxu ərəb ölkələrindən sifariş gözləyir. Ki, zəng vurub çağırsınlar ki, Qətərin hansısa klubunda oyna.
- Finalda surpriz komandalar gözləmək olar?
- İnanmıram. Kosta Rika çempion olsa, onda dünyanın axırı gələr. Atletik cəhətdən güclüdürlər. Almaniya ilə oyuna baxanda ABŞ qol vurmağı yox, top buraxmamağı fikirləşirdi. Burada təbii ki, Yurgen Klinsmannın da rolu oldu. Çünki ABŞ-ın da baş məşqçisi alman idi, Almaniyanın da. Ən azı müəyyən qədər şərait də yaratdılar. Dedilər, yox elə şey ola bilməz, amma alman almana güzəşt etməlidir də... Alman da güzəşt etməklə Portuqaliya kimi güclü komandanın qabağını kəsdi ki, Portuqaliya sabah Almaniyaya problem yarada bilər. Gələr 1/8-ə çıxar, 1/4-ə düşər, yaxud da 1/2-dən finala düşər, uda bilər. Ona görə də bu başdan onun "torbasını tikdi" ki, "sənə yaxşı yol".
- İndiyə qədərki oyunlarda sizi təəccübləndirən və ya məyus edən komandalar oldu?
- İspaniya yığmasının qrupdan çıxa bilməməsinə çox pis oldum. Qardaşım Portuqaliya millisinin lideri Kriştianu Ronalduya azarkeşlik edir, hərdən atam qardaşıma deyir ki, gördün, bu da sənin Ronaldun, qrupu keçə bilmədi. Qardaşım da atama "Messini də gördük, neylədi ki, axırda bir qol vurdu" cavabını verir. Mən isə "Ata, Robben necə oynayırdı?" soruşuram. Deyir: "Robben sənətkardır da". Əslində, favoritlərim arasında Portuqaliya da vardı. Amma bu komanda öz səhlənkarlığı ucbatından həmişə qəzaya uğrayır.
- Sizcə, indiyədək ən gözəl qolu kim vurub?
- Robbenin topu götürüb gedib vurması, van Persinin uzanıb qaranquş kimi uçaraq qol vurmasını qeyd edə bilərəm.
- Futbolçu olsaydınız, hansı mövqedə çıxış edərdiniz?
- Əlbəttə, hücumçu mövqeyində. Görəndə ki, rəqib komanda zəifdir, ortaya çəkilirəm, dostaları qabağa buraxıram ki, siz gedin, mən topu sizə ötürüm. Çünki güclü ilə oynayanda hücumda oynamaq maraqlıdır ki, qol vurasan.
- DÇ-2014-ün oyunlarını Braziliyadan izləmək istərdiniz?
- Dostlar dedilər ki, gəlin, yığışaq, paket alıb gedək oynayaq. Nə isə alınmadı. Amma Braziliyaya gedib izləməyi çox istərdim.
- Sizcə, Azərbaycanı dünya çempionatında nə vaxtsa görə biləcəyik?
- Ümid edirəm ki, cavan yaşlarımda görəcəyəm. 2-3 ilə olmasını, ən əsası, Avropa çempionatında görməyi istərdim. Bunu həmişə deyirlər ki, uşaq futbol məktəbi çox güclü olmalıdır. Biz 60 dəqiqə oynayırıq, 60 dəqiqədən sonra dayanırıq. Hazırki heyətlə az inandırıcı görünür. Amma futbolumuzun gələcəyi yetişməkdədir. Mənə elə gəlir ki, onlar nəsə edə bilərlər. Biz kimi udub, çempionata çıxaq? Türkiyə gedə bilmirsə... Baxmayaraq ki, güclü komandadır. Hətta bizim düşmənlərimiz, demirəm güclü komandadır, amma müəyyən qədər oynayırlar. İstərdim ki, Azərbaycanın hər hansı bir oyunçusu Almaniya, İspaniya, İtaliya çempionatında oynasın. Məsələn, adını çəkməyəcəyəm, onların bir hücumçusu var, istərdim ki, bizim də elə oyunçumuz olsun.
- DÇ oyununlarının mahnı və klipini necə dəyərləndirərsiniz?
- Yaxşıdır, xoşuma gəldi. Sadəcə, tanınmış ifaçılar vardı, klip də gözəl klip idi. Amma Şakiranın mahnısı daha maraqlı idi.
- Qadın futboluna münasibətiniz necədir?
- Normaldır. Amma bizdə yoxdur axı. Bu, dünyada varsa, bizdə niyə olmasın?
- Bəs qadın futbolçu ilə ailə qurardınız?
- İnandırıcı görünmür. Düzdür, insan o şeydən siğortalanmayıb ki, nə vaxtsa vurula bilərsən, xasiyyəti xoşuna gələr. Xanım zərif olur, bu, bütün günü qaçacaq, trenajorda əzələ çıxacaq. Deyəcəyəm "bir çay ver". "Qaqaş, get özün götür çayını, mən idmançıyam axı" cavabını verəcək. Amma sevgi azaddır.
- Şou əhlinin çoxunun çempionatla bağlı heç bir məlumatı yoxdur. Sizcə, bu nədən irəli gəlir?
- Sadəcə, çoxunun futbola marağı yoxdur. Çünki başları qarışıb sənətə. Qaydasız döyüş, boks, güləşə baxanlar var.
- Oxucularımıza son sözünüz...
- Bir daha Sportnet.az saytına təşəkkürümü bildirirəm. Məni sayıb dəvət etmisiniz. Gəldim, sizə müsahibə verdim. Çox xoş oldu, sayt oxucularını salamlayıram, müsahibəni oxuduqlarına görə təşəkkür edirəm. Hamıya demək istərdim ki, futbola baxın, futbolu sevin, dünya çempionatının finalında görüşənədək!