Futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində son tura start verilib. Sportnet.az-ın məlumatına görə, X turun ilk oyun günündə 3 qrupda 8 qarşılaşma baş tutub.
Bu qruplardan indiyədək Şimali İrlandiya və Portuqaliya Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqəni təmin etmişdisə, onlara daha 4 komanda qoşulub.
D qrupunda dünya çempionu Almaniyaya mərhələ adlaması üçün Gürcüstanla görüşdə heç-heçə belə kifayət edirdi. Bundestim çətinliklə də olsa, qələbə qazana bilib - 2:1. Qrupdan növbəti vəsiqə uğrunda gərgin qarşılaşma Polşa ilə İrlandiya arasında baş tutub. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi matç meydan sahiblərinin eyni hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Almaniya və Polşa Fransaya birbaşa vəsiqə qazanıb, İrlandiya isə 3-cü yerin sahibi kimi "pley-off"da oynayacaq.
F qrupunda Şimali İrlandiya ilə birgə Fransaya yollanmağa əsas namizəd Rumıniya sayılırdı. Çünki bu komanda Farer adalarının qonağı idi. Gözlənildiyi kimi, Rumıniya böyük hesablı qələbə sayəsində ikinci pillənin sahibi kimi mərhələ adlayıb. Macarıstan isə səfərdə Yunanıstana uduzub. 7 qolun vurulduğu qarşılaşmada ellinlilər ilk dəfə qələbəyə nail olublar.
Nəhayət, İ qrupunda Portuqaliyadan sonra 2-ci vəsiqəyə Albaniya nail olub. Canni Di Byazinin komandası səfərdə Ermənistanı darmadağın edib və tarixində ilk dəfə final mərhələlərində iştirak hüququna yiyələnib. Bununla da Azərbaycan Premyer Liqasında oynayan futbolçu ilk dəfə final mərhələsində oynaya biləcək. Hərçənd, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli cəzalı olduğundan, İrəvandakı görüşü buraxıb. Danimarka isə 3-cü yeri tutub.
AVRO-2016
Seçmə mərhələ, X tur
11 OKTYABR
D qrupu
23:45. Almaniya - Gürcüstan - 2:1
Qol: Tomas Müller, 50-penalti ilə. Maks Kruze, 79 - Jaba Kankava, 53
Baş hakim: Pavel Kralovets (Çexiya)
Leyptsiq, "Tsentralştadion"
23:45. Cəbəllüttariq - Şotlandiya - 0:6
Qollar: Kris Martin, 25. Şon Meloni, 39. Stiven Fletçer, 52; 56; 85. Stiven Neysmit, 90+1
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Faro, "Estadio Algarve" (Portuqaliya)
23:45. Polşa - İrlandiya - 2:1
Qollar: Qrjerorj Krıxovyak, 13. Robert Levandovski, 42 - Con Uolters, 16-penalti ilə
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Varşava, Milli Stadion
Xal durumu: Almaniya - 22, Polşa - 21, İrlandiya - 18, Şotlandiya - 15, Gürcüstan - 9, Cəbəllüttariq - 0.
F qrupu
21:000. Farer adaları - Rumıniya - 0:3
Qollar: Konstantin Budesku, 4; 45+1. Aleksandru Maksim, 83
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Torshavn, "Torsvollur" stadionu
21:00. Finlandiya - Şimali İrlandiya - 1:1
Qollar: Paulus Aqajuuru, 87 - Kreyq Keythart, 31
Baş hakim: Sergey Karasyov (Rusiya)
Helsinki, "Helsingin Olympiaştadion"
21:00. Yunanıstan - Macarıstan - 4:3
Qol: Kostas Stafilidis, 5. Panagiotis Taxtsidis, 57. Kostas Mitroqlu, 79. Panagiotis Kone, 86 - Gerqo Lovrenşiş, 26. Kriştian Nemet, 54; 76
Baş hakim: İvan Bebek (Xorvatiya)
Pirey, "Georgios Karaiskakis" stadionu
Xal durumu: Şimali İrlandiya - 21, Rumıniya - 20, Macarıstan - 16, Finlandiya - 12, Farer adaları - 6, Yunanıstan - 6.
İ qrupu
21:00. Ermənistan - Albaniya - 0:3
Qollar: Kamo Hovhannisyan, 9. Berat Cimsiti, 25. Armando Sadiku, 76
Baş hakim: Şimon Martsinyak (Polşa)
İrəvan, "Vazgen Sarqsyan anvan Hanrapetakan Marzadaşt" stadionu
21:00. Serbiya - Portuqaliya - 1:2
Qollar: Zoran Toşiç, 65 - Nani, 5. Joao Moutinyo, 78
Baş hakim: David Fernandes Borbalan (İspaniya)
Belqrad, "Partizan" stadionu
Xal durumu: Portuqaliya - 21, Albaniya - 14, Danimarka - 12, Serbiya - 4, Ermənistan - 2.
Qeyd edək ki, daha öncə təşkilatçı Fransa, eləcə də Şimali İrlandiya, Portuqaliya, İngiltərə, Çexiya, İslandiya, Avstriya, İspaniya, İsveçrə, İtaliya, Uels və Belçika milliləri final mərhələsinə vəsiqə qazanıb.