Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IX turuna start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk dövrənin son turunun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
AZAL klubu "Neftçi"ni qəbul edəcək. Bakının Şüvəlan qəsəbəsindəki "AZAL Arena"da keçiriləcək qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Əvvəlki 8 turda yalnız bir dəfə qələbə qazanan və eyni sayda heç-heçə edən Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda ev oyunundan 3 xalla ayrılsa, autsayder "Rəvan"la xal vərqini 5-ə çatdıracaq. Bu halda AZAL xallarını 7-yə çatdıraraq, 7-ci pilləyə yüksələcək. "Təyyarəçilər" matça bir itki ilə çıxacaqlar. Kapitan Seymur Əsədov zədə səbəbindən bugünkü qarşılaşmanı buraxmalı olacaq.
Hazırda 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan "Neftçi" isə 3 xal sayəsində "Kəpəz"i geridə qoyaraq bir pillə yüksələcək. Cari mövsüm heç də uğurlu oyun sərgiləməyən paytaxt təmsilçisinin də aparıcı üzvlərindən 2-si meydanda olmayacaq. Zədə səbəbindən yarımmüdafiəçi Araz Abdullayev və cəzalı hücumçu Fəhmin Muradbəyli komandaya tribunadan dəstək verməli olacaqlar. Bir müddətdir zədədən əziyyət çəkən, ötən turun son dəqiqələrində meydana çıxan Anyetenin AZAL-a qarşı forma geyinib-geyinməyəcəyi isə hələ məlum deyil.
Azərbaycan Premyer Liqası, IX tur
23 oktyabr
18:00. AZAL – "Neftçi" - 2:1
Qol: Nuqzar Kvirtiya, 24-penalti ilə. Aleksandr Quruli, 90+4 - Ruslan Qurbanov, 57
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
Bakı, "AZAL Arena"
Qeyd edək ki, turun digər oyunları 24-25 oktyabrda keçiriləcək.