
"Bu gün həm yaxşı oynamadıq, həm də nəticə istədiyim kimi olmadı". Bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib. 
O, çempionatda qalib gələ bilmədikləri son 5 oyundan 3-də yaxşı çıxış etdiklərini vurğulayıb. Ukraynalı mütəxəssis heyətdəki itkilərə də toxunub: "O qədər böyük komanda deyilik ki, hansısa futbolçunu başqası ilə əvəzləyə bilək. Qarşıdan Yunanıstanda PAOK-la oyunumuz gəlir. Bilmirəm o oyunadək zədəli futbolçularımız sıraya dönə biləcəklərmi?"









                 





    
    
    
    
    
    
    
    
    




















































