Türkiyənin "Mersin İdman Yurdu" klubunun baş məşqçi postuna gətirilən Hakan Kutlunun fəaliyyəti cəmi bir gün çəkib. Sportnet.az-ın məlumatına görə, buna klub prezidenti Ali Kahramanlının açıqlaması səbəb olub.
Kahramanlı idarə heyəti tərəfindən baş məşqçi postuna gətirilən Kutlunu təsdiqləmədiyini söyləmişdi. Bu sözlərdən sonra gənc mütəxəssis istefaya qərar verib.
Kutlu yazılı açıqlamasında "Mersin İdman Yurdu"nun ən çətin günlərində vəzifə tutduğunu bildirərək, yanvarın 11-də keçiriləcək seçkidən sonra hazırkı klub prezidentinin işini davam etdirməyəcəyi təqdirdə yenidən danışıqlara hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Hakan Kutlu Bülent Korkmazın yerinə baş məşqçi təyin olunmuşdu. Korkmaz azərbaycanlı futbolçular Qara Qarayevlə Tural Rzayevin transferini istəyirdi.