Hafiz Məmmədov – Azərbaycan futbol ictimaiyyətinin son illərdə ən çox müzakirə etdiyi sima. Kimiləri üçünsə "xaç atası”, "əvəzolunmaz "dost”, kimilərinin isə "qatı düşmən”i. Amma ortada bir reallıq var: O, həqiqətən də xarizmatik şəxsiyyətdir. Bu fikirlə yəqin ki, həm "sevənlər”i, həm də "sevməyənlər”i razılaşar. Mən isə obyektivliyi qorumaq şərti ilə Məmmədovla bağlı şəxsi mülahizələrimi bölüşəcəyəm.
Müsbət saldo
Onunla ilk dəfə 2005-ci ildə görüşmüşəm. Həmin vaxt
"Bakı”nın prezidentinin rəhbəri olduğu "Baghlan Group”un ofisində müsahibə
götürməli idim. Qapıdan içəri daxil olduqda, ayağındakı problemə baxmayaraq, məni
qarşılamaq üçün kabinetinin başından sıravi jurnalistə tərəf gəlməklə, sadəliyini
nümayiş etdirdi. Üstündən
9 il ötməsinə baxmayaraq, yaddaşımda həmin an Hafiz Məmmədovun müsbət saldosu
kimi həkk olunub. Sonradan bildim ki, o, bütün tədbirlərdə, mərasimlərdə
hamıya, o cümlədən, jurnalistlərə yaxınlaşaraq, şəxsən görüşür, hal-əhval
tutur.
"Bəraət donu”
Onunla AFFA-da da üz-üzə gəlmişəm, Bolqarıstanda "Levski” ilə oyundan öncə də. Hər zaman media nümayəndələri ilə xoş münasibət qurmağa çalışıb. Heç kimin xətrinə dəymək istəməyib. Amma...
Azərbaycanda idman jurnalistikasının korlanmasının səbəbkarlarından biri, bəlkə də
birincisi də elə qəhrəmanımızdır. "Əliaçıqlığı” ilə tanınan klub prezidenti bir
çox mətbu orqanına, hətta deyərdim ki, adını belə bilmədiyi KİV-lərə
"görüm-baxım” etməsi ilə idman jurnalistikasına ciddi zərbə vurub. Əlbəttə, istəmədən. Ancaq
fakt faktlığında qalır ki, Məmmədovun "pul paylamaları” haqda uşaqdan böyüyə
hamı bilir. Deyilənlərə görə, o, hətta "Facebook” səhifəsi açan "jurnalistlər”ə də "reklampulu” odəyib.İdmanın təbliği
ilə məşğul olanların 60 illik məvacibinin idmançıların təqribən 1 ildə əldə etdikləri vəsaitə bərabər olmasını nəzərə alsaq belə, Məmmədovun
bu addımına yenə də "bəraət donu” geyindirmək olmur.
Milli mətbuat günündə qara ləkə
Hafiz Məmmədovun komandası ilə bağlı məsələyə də toxunmaq istəyirəm. 22 iyul 2010-cu il. Yox, Azərbaycanda Milli Mətbuat gününün 175 illiyi ilə yazımın əlaqəsi yoxdur. Həmin gün Azərbaycan futbol tarixinə ləkə kimi düşdü: UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Bakı” – "Buduçnost” (2:1) oyununun nəticəsini ləğv edərək, Azərbaycan təmsilçisinə 0:3 hesablı məğlubiyyət verdi. Buna səbəb iyulun 15-də keçirilən qarşılaşmada "Bakı”nın yeni transferi Joel Epallenin oynması idi. UEFA-nın avrokubok iştirakçılarına təqdim etdiyi cəzalı futbolçuların siyahısında Epallenin adı olsa da, paytaxtın eyniadlı klubu hansısa əməkdaşının səhlənkarlığı ucbatından ağır zərbə aldı. Məmmədov bütün işçilərinin istefa ərizələrini aldı. Amma sonda cəmi 1 əməkdaşla yollarını ayıran klub qeyri-peşəkar imici qazandı. Kim idi günahkar? Bu sualın cavabını axtarmaq niyyətim yoxdur. Çünki ilk növbədə günahkar Hafiz Məmmədovdur. Axı bu komandanı özü yığıb, etibar edib. Üstəlik hay-küylə hamıdan ərizələr alındıqdan sonra bunun gözdən pərdə asmaqdan başqa bir şey olmadığı da üzə çıxdı.
"Göylər”in gətirdiyi düşmənlər
Məmmədovun xarizmasına dair daha bir çalar Madrid "Atletiko”su ilə imzaladığı
müqavilə oldu. İspaniya təmsilçisinin maykalarında "Land of fire Azerbaijan”
yazmaqla ölkəmizin
marketinq sahəsində bir ilkə imza atan "Bakı”nın sahibi böyük ehtimalla özünə
dost da qazandı, düşmən də. "Atletiko”ya xərclədiyi "göylər” onu istəməyənlərin çətin
ki, xoşuna gəldi. Elə ölkəmizdə kasıb təbəqə tərəfindən də bu addım müsbət dəyərləndirilə bilməzdi. Bax beləcə,
Məmmədov özü də bilmədən "sevməyənlər”inin siyahısını genişləndirdi. Ancaq ölkə
imici baxımından bu addım olduqca səmərəli yatırım sayılmalıdır. Bura yeniyetmə
futbolçuların İspaniyaya yollanmasını da əlavə etmək istərdim. Ancaq Məmmədovun
hazırkı durumunu nəzərə alsaq, bu layihənin davam edəcəyinə inam azalır.
"Ağ zolaq”
"Lans” layihəsi isə fərqli mövzunun müzakirəsidir. Bununla bağlı yaxın zamanlarda fikirlərimi ətraflı şəkildə bölüşəcəyəm. İndiki vəziyyətdə isə "Lans” Fransanın yüksək liqasına vəsiqə qazanıb və necə deyərlər, "qaliblər mühakimə olunmur”. Deməli, azərbaycanlı iş adamının "Lans” layihəsini də uğurlu adlandırmaq olar. "Şeffild Uensdey” klubuna da sahib çıxan qəhrəmanımızın bu layihəsi barədə birmənalı fikir irəli sürmək olmaz. Çünki hələ ki, Məmmədov bu işin ilk addımını atıb. Ancaq "Atletiko”da uğurlu yatırım, "Lans”ın I Liqaya vəsiqə qazanması İngiltərə təmsilçisi ilə də eyni nəticəyə ümidləri artırır.
"Şoferimin şoferi”
Göründüyü kimi, Məmmədovun xarici ölkələrdəki yatırımları ən
azından mənəvi dividend gətirib. Ancaq yenidən "öz evimizə” qayıdaq. Bax, burada yenə "Bakı” və
bu klubda fəaliyyət göstərən məmurlar yada düşür. Klub prezidentinin ətrafına
topladığı insanlar onun etibarını elə də doğrultmurlar. Burada söhbət yalnız "Bakı”nın neçə illərdir avrokubokdan kənarda
qalmasından getmir. Klubun ştat cədvəlinin dərinlikləri ilə tanış deyiləm.
Ancaq yadıma "KVN-şik”lərdən bir ifadə
düşür: "Şoferimin şoferi”. "Bakı”da da çalışanların nə sayı var, nə də hesabı.
Kəmiyyətlə keyfiyyətin isə heç vaxt "qardaş” olmadığını tarix çoxdan sübut
edib. Bunun nəticəsidir ki, hazırda "Bakı”da "yarpaq tökümü” müşahidə olunur.
Futbolçuların və inzibati heyətin 5 aydır maaş ala bilməmələri birinciləri özlərinə
yeni klub tapmağa sövq edir. İkincilər isə, yəni inzibati heyət, çətin ki, bir
də futbol səhnəsində görünə. Niyə? Ona görə ki, "Bakı”nın uğursuzluqlarının
birinci səbəbkarı Məmmədovdursa, ikincisi onun topladığı kadrlardır.
"Kadrlar hər şeyi həll edir"
Yekunlaşdıraq. Hafiz Məmmədovun Azərbaycan futbolundakı fəaliyyəti o qədər də uğurlu alınmayıb. Bunun da başlıca
səbəbi etibar etdiyi insanların onun ümidlərini doğrultmamasıdır. Lakin xarici ölkələrdə yatırdığı sərmayələr Azərbaycan adına
uğur qazandırıb və özünü doğruldub. Yəqin ki, bunun da başlıca səbəbi odur ki,
həmin klublarda Məmmədovun kadrları çalışmır. Yeni
dövrün bir məsəlində
deyildiyi kimi, "Kadrlar hər şeyi həll edir”.
Ceyhun ƏLİYEV