
Bakının "İnter" klubu Moldovanın "Tiraspol" komandasının erməni futbolçusu Artyom Xaçaturovun Bakıya gəlməsinə dair təhlükəsizlik təminatı verib. Bu barədə Sportnet.az-a klubun mətbuat katibi Səbuhi Məmmədov bildirib.
O, Xaçaturovu xüsusi qeyd etməməyə üstünlük verib. Məmmədov bu görüşdə Ermənistan yığmasının üzvünün hər hansı bir problem yaşamayacağını da qeyd edib: "Klubumuz "Tiraspol"un bütün üzvlərinin təhlükəsizliyi ilə bağlı təminat verib. Xaçaturov da onlardan biridir. O, Moldova vətəndaşıdır. Onu da bilirik ki, Ermənistan yığmasının şərəfini qoruyur. Düşünmürəm ki, hansısa bir problem ortaya çıxa".
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin təkrar görüşü çərçivəsində keçiriləcək "İnter" - "Tiraspol" qarşılaşması iyulun 10-da saat 21:00-da başlayacaq. İlk oyun Moldova təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.