Azərbaycanlı iş adamı Hafiz Məmmədovun
sahibi olduğu "Lans” və "Şeffild Uensdey” klublarının keşməkeşli yolunu
araşdırarkən qeyri-adi fakt heyrətimə səbəb oldu. Sən demə, bu komandalar azərbaycanlı iş adamının doğulduğu mövsümü
öz ölkələrinin çempionatında eyni – 8-ci yerdə başa vurublar. Təsadüfdürmü? Bu,
bəlkə də bir işarə idi.
Hələ bir neçə il bundan əvvəl Fransa "Lans”ı və İngiltərə "Şeffild Uensdey”i bizim üçün adi klublar idi. Vaxtilə Azərbaycanda kiminsə bu komandalara azarkeşlik etdiyinə də inanmaram. Düzdür, ingilis dilini az-çox bilənlər "Şeffild Uensdey”in adında çərşənbə gününün ("Uensdey”/”Wednesday”) nədən yer almasıyla maraqlana bilərdilər, amma bundan artığını güman etmirəm. İndi isə həm "Lans”, həm də "Şeffild Uensdey” Azərbaycanda diqqət mərkəzindədirlər. Bəs hər ikisinin sahibinin azərbaycanlı Hafiz Məmmədovun olmasından başqa, bu klubları nə birləşdirir, hansı oxşar cəhətləri, taleləri var?
"Şeffild Uensdey” 4 dəfə İngiltərə çempionu, 3 dəfə də ölkə kubokunun qalibi olsa da, axırıncı uğurları ötən əsrin uzaq 30-cu illərinə təsadüf edir. "Lans” isə əksinə, son dövrlərdə adından söz etdirməyi bacarıb: yeganə Fransa çempionluğunu 1998-ci ildə qazanıb, yəni 16 il əvvəl.
Buna baxmayaraq, hər iki
komandanın taleyində oxşar məqamlar tapmaq mümkündür. Məsələn, "Şeffild
Uensdey” 2003-cü ildən sonra Premyer Liqaya həsrətdir və indi İngiltərənin səviyyəcə
ikinci divizionu olan "Championship”də oynayır. Elə "Lans” da 2011-ci ildən
sonra «Ligue 1»dən uzaq düşüb. Düzdür, bu il elitaya vəsiqə qazansa da,
maliyyə təminatı verə bilmədiyindən ora buraxılmır.
Ötən əsrin 60-cı illərində iki dəfə, elə 90-cı illərində də iki dəfə avrokuboklara qatılan "Şeffild Uensdey”dən fərqli olaraq, "Lans” xüsusilə son 20 ildə dəfələrlə qitə turnirlərində Fransanı təmsil edib. O üzdən bu iki komandanın qarşılaşmaq şansı olmayıb. Yalnız bir dəfə eyni mövsümdə beynəlxalq arenaya çıxa biliblər, amma onda da ayrı-ayrı yarışlarda çıxış ediblər. Bu, 1995/96 mövsümündə baş verib. Bir vaxtlar mövcud olan İntertoto kubokuna qatılan "Şeffild Uensdey” qrup ikincisi olaraq mübarizəni dayandırıb. "Lans” isə Avropa Liqasının sələfi olan UEFA kubokunda iki mərhələ adladıqdan sonra 1/8 finalda dayandırılıb.
"Şeffild Uensdey”in avrokuboklarda ən böyük nailiyyəti 1961/62 mövsümündə Avropa Liqasının sələfi olan Yarmarkalar kubokunda 1/4 finala yüksəlməsi, "Lans”da isə 1999/00 mövsümündə UEFA kubokunda yarımfinalına çıxmasıdır. Yeri gəlmişkən, birincinin yolunu "Barselona”, ikincininkini isə "Arsenal” kəsib...
1954-cü ildə
İsveçrədə keçirilən dünya çempionatında ilk dəfə həm Fransa, həm də İngiltərə
milli komandalarının heyətində Hafiz Məmmədovun klublarının təmsilçiləri olub. Fransızların tərkibində "Lans”ın yarımmüdafiəçisi Kserses Luis,
ingilislərdə isə "Şeffild Uensdey”li Albert Kuiksall yer alıb. Amma həmin
mundialda Fransa və İngiltərə komandaların yolu kəsişmədiyindən bu iki
futbolçunun qarşıdurması da baş tutmayıb.
Nəhayət, 1963-cü ildə iki klubun futbolçularının qarşılaşması baş tutdu. Amma bu, milli komandaların görüşündə reallaşdı. Avro-1964-ün seçmə turnirinin ilkin mərhələsi çərçivəsində qarşılaşan Fransa və İngiltərə komandalarının Şeffilddə keçirilən ilk oyunu 1:1 hesabı ilə yekunlaşmışdı. 1963-cü il fevralın 27-də Parisdə baş tutan cavab oyununda ingilislərin qapısını "Şeffild Uensdey”li Ron Springett qoruyurdu, fransızların hücum xəttində isə "Lans”lı Maryan Visnieski oynayırdı. Oyunun qəhrəmanları da məhz bu futbolçular oldular. "Şeffild Uensdey”li qapısından 5 top buraxaraq mənfi cəhətdən fərqləndi, "Lans”lı hücumçu isə 3-cü dəqiqədə hesabı açdıqdan sonra 75-ci dəqiqədə də dubl etdi. Yekunda 5:2 hesabı ilə qalib gələn Fransa komandası yoluna davam etdi.
Springettə gəlincə, DÇ-1962-də çıxış edən "Şeffild Uensdey”li
qolkiper İngiltərənin dünya çempionluğunu qazandığı DÇ-1966-da heyətdə olub
(ehtiyat qapıçı kimi). "Lans”lı Visnieski isə Fransa millisinin 3-cü yeri
tutduğu DÇ-1958-də və 4-cü olduğu Avro-1960-da çıxış edib. Ondan başqa,
"Lans”ın iki futbolçusu – yarımmüdafiəçi Filipp Verkrüyys və hücumçu Daniel
Ksüereb Fransanın 3-cü yeri tutduğu DÇ-1986-da heyətdə olublar.
Bu mövzuda danışarkən onu da qeyd edim ki, sonuncu dəfə böyük turnirlərdən Avro-1992-də İngiltərə milli komandasının heyətində "Şeffild Uensdey”in futbolçuları olub: qapıçı Kris Vuds və yarımmüdafiəçi Karlton Palmer. "Lans”da isə bu baxımdan vəziyyət daha ürəkaçandır. Sonuncu dəfə adıçəkilən klubun futbolçusu Fransa millisinin heyətində böyük yarışlardan 2006-cı ilin dünya çempionatında çıxış edib. Bu, yarımmüdafiəçi Alu Diarra olub. O vaxt hətta İtaliya ilə final oyununda forma geyinən "Lans”lı futbolçu vitse-çempion tituluna sahib çıxıb.
Yeri gəlmişkən, DÇ-2014-də Hafiz Məmmədovun klublarının
futbolçularından yalnız icarə əsasında "Lans”da çıxış edən Edqar Salli olub.
Kamerun milli komandasının şərəfini qoruyan 21 yaşlı yarımmüdafiəçinin
Braziliya mundialında iki oyunda meydana çıxdığını da əlavə edim.
Nəhayət, yazıya başladığım fakt barədə daha ətraflı. "Wikipedia”da Hafiz Məmmədovun 1964-cü il dekabrın 2-də anadan olduğu yazılıb. Bu da həmin tarixin 1964/65 mövsümünə düşməsi deməkdir. İşin maraqlı tərəfi isə onun gələcək klublarının həmin mövsümü eyni mövqedə bitirmələridir. O vaxt "Lans” Fransa çempionatında, "Şeffild Uensdey” isə İngiltərədə 8-ci yeri tutmuşdu. Hər iki komandanın heç-heçələrinin sayı da eyni idi – 11. Hafiz Məmmədov özü bu faktlardan xəbərdardırmı?
İndi heyrət doğura bilər, amma həmin 1964/65 mövsümündə "Lans” "Monako”nu,
"Şeffild Uensdey” isə "Arsenal”ı qabaqlaya bilmişdi. Həmin mövsüm Fransada
"Nant”ın, İngiltərədə isə "Mançester Yunayted”in çempion olduqlarını da
xatırladım.
Maraqlıdır ki, belə bir hadisə daha bir dəfə baş verib. 1985/86-cı illər mövsümündə. O vaxt həm "Lans”, həm də "Şeffild Uensdey” milli çempionatda 5-ci yeri tutublar. Fransa klubu yenə "Monako” və "Marsel”dən, "Şeffild Uensdey” isə "Çelsi”, yenə "Arsenal” və "Mançester Siti”dən öndə olub. Fransada PSJ-nin, İngiltərədə isə "Liverpul”un çempion olduqlarını da qeyd edim.
Çempionluqdan söz düşmüşkən. Şeffildli azarkeşlər indi maraq içindədirlər. Hafiz Məmmədov "Şeffild Uensdey”in çempionluq həsrətinin 100 ili keçməməsinə (artıq bu həsrət 84 ilə çatıb) nail ola biləcəkmi? Bizə də maraqlıdır...