Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Çimkənd şəhər stadionunda Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü barədə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 38 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
O, oktyabrın 20-dən toplanışda olan komandasının yerli kollektivə qarşı ilk yoldaşlıq görüşündə xarakter göstərdiyini bildirib: “Qazaxıstanın qadın futbolu son illər yüksəlişdədir. Rəqibi təhlil etdiyimiz zaman güclü futbolçulara sahib olduqlarını görmüşük. Bugünkü matçı iki hissəyə bölmək olar. Birinci hissədə çox yaxşı çıxış etdik, hesabı açdıq. Fasiləyə qədər ən azı daha bir qol vura bilərdik. Qazaxıstan yığmasının da təhlükəli hücumları oldu, amma müdafiədə çox diqqətli oynadıq. İkinci hissədə isə rəqib oyun planını dəyişdi, əsasən uzun ötürmələrlə hücumlar qurmağa çalışdı. Bu da bizə müəyyən problemlər yaratdı. Qolu da standart vəziyyət zamanı öz səhvimizdən buraxdıq. Buna baxmayaraq, qələbə qazandıq. Görüşün əvvəlindən sonuna qədər qalib gəlmək üçün əlindən gələni edən, xarakter göstərən komandamıza təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstan yığması ilə ikinci yoldaşlıq görüşünü oktyabrın 27-də keçirəcək.