
Avropa Liqasının III təsnifat mərhələsidə Gürcüstanın "Çixura" klubu ilə qarşılaşmadan öncə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Hacıyev bunları bildirib:
- "Çixura"nın oyunlarına baxmışam. Əsasən "Koper"ə oxşar oyun nümayiş etdirir. Mən gözümü açandan Gürcüstan futbolu Qafqazda ən tanınanı olub. Sovetlər ölkəsində bir çox futbolçuları vardı. Buna baxmayaraq biz öz yolumuzla gedirik, oyuna hazırlaşırıq. Ən vacibi odur ki, hamımızın ürəkdən sevdiyimizi "Qarabağ" oynayır və mən həmkarım Qurban Qurbanova uğurlar arzulayıram. Mən hər oyundan əvvəl rəqibi futbolçularıma göstərirəm. Amma indi bunu arxa plana salmışam. 11-in yarısı da "Çixura"nın "Bursaspor"la oyununa baxacağıq. İnanıram ki, Allah təala Qurban müəllimə qələbəni bəxş edəcək.
- "Çixura" ilə iki görüş keçirmisiniz: Birində uduzmusunuz, birində isə heç-heçə olub. Bu, komandanıza mənfi təsir etməyəcək?
- Yoxlama oyunu başqa olur. Komandanı nə qədər nizamlasan da, tam gücünü göstərmir. Yoxlama matçında biz hər hissədə başqa heyətlə oynayır və müxtəlif eksperimentlər edirdik. Gəlin, bu yoxlama oyunlarını yaddan çıxaraq və bizim üçün lazım olan sabahkı oyundur.
- Dünən rəqib futbolçu 2:0 hesabı ilə "Neftçi"ni udacağını deyib. Bu "Neftçi"yə təzyiq üçündür, ya komandasına güvənir?
- Ona hörmətim var. İstəyir psixoloji təsir etsin. Sabahkı oyuna nə qalib ki? Bu oyunda hər şeyi aydın edərik.
- "Koper"lə oyunda müqayisədə hansı dəyişiklər olacaq?
- Mən heyətlə bağlı açıqlama verməyəcəyəm. Çünki bunu komanda da bilmir. Əvvəldən heç bir taktika açıqlanmayacaq. Ona görə də inciməyin, bu suala cavab verə bilməyəcəyəm.
- Adətən oyunöncəsi konfranslarda iddialı açıqlama verirsiniz. Artıq "Koper" yenilgisindən sonra demək olar ki, rəqibdən çəkirsiniz, belə açıqlama vermirsiniz?
- Mən bir qram çəkinmirəm. Bu yaşımdan sonra, nə xasiyyətimi, nə də əqidəmi dəyişən deyiləm. Rəqibi ayıltmaq istəmirəm.
- "Çixura" ilə oyunda ilk hissədə, yoxsa sonlarda məsələni həl etməyə çalışacaqsınız?
- Bilirsiniz, bu gün 100 Böyükağa, 100 Mirhüseyn, 100 Ramos olsun, hər şey Allahın əlindədir. Biz sadəcə çalışacağıq ki, bi oyun tutsun. Ola bilər ki, bu oyuna başqa taktika ilə çıxım. Pis taktika yoxdur, pis icraçılar var. Unutmayaq ki, bu mərhələ 2 oyundan ibarətdir.
- "Bursaspor"la Gürcüstandakı oyunda Atatürkün şəkli tapdalanıb, türk bayrağı təhqir edilib. Buna görə "Çixura"ya qarşı başqa fikriniz var?
- Şenol Güneş gözəl baş məşqçidir. Lakin onun heç kimin köməyinə ehtiyacı yoxdur. Əgər lazım gələrsə, mən qisası qiyamətə qoymaram. Mən azərbaycanlıyam və bununla fəxr edirəm. Sabah bilmək olmaz ki, meydanda futbol çərçivəsində nələr baş verəcək.
- Rəqib iddialı mesajlar verir, siz nə deyərdiniz?
- Mən deyərdim ki, xoş gəliblər, qonşularımızdır. Bizim üzdəniraq qonşularımız da var ki, onların adını çəkmək istəmirəm.
Qeyd edək iyulun 31-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Çixura" qarşılaşması saat 20:00-da başlayacaq.
Rövşən ƏHLİMANOĞLU