
"Neftçi" və "Çixura" komandaları arasında keçirilmiş Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə qalmaqala səbəb olan bayrağın fotosu üzə çıxıb. Sportnet.az-ın məlumatına görə, qonaq azarkeşlərin tribunada asdığı bayrağın üzərində Qax və Zaqatala rayonları Gürcüstan ərazisi kimi təsvir olunub.
Bayrağın üzərində isə "This is Georgia" ("Bu, Gürcüstandır") sözləri yazılıb.
Məhz həmin bayrağın asılmasından sonra azərbaycanlı və gürcü azarkeşlər arasında dava düşüb. Olaya müdaxilə edən polislər bayrağı yığışdırıblar və onu asanları stadiondan kənarlaşdırıblar. Matçdan sonra bir qrup gürcü azarkeş təhlükəsizlik məqsədilə polislər tərəfindən əhatəyə alınıb və hamı dağılışandan sonra buraxılıb.