"Neftçi"nin istefada olan vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının "pley-off" mərhələsinin püşkününün nəticəsini dəyərləndirib. Süleymanov Sportnet.az-a açıqlamasında Serbiya "Partizan"ını yox, öz oyunlarını fikirləşməli olduqlarını bildirib.
O deyib: "İndiyədək "Neftçi” çox güclü rəqiblərlə mübarizə aparıb. O baxımdan komandamız rəqibin kimliyini yox, öz oyununu fikirləşməlidir. Necə ki, dünən Tiflisdə heç nəyə baxmayaraq 20-25 azarkeş önündə oynayıb, "Çixura" üzərində qələbə qazandıq. "Partizan” tanış rəqibdir. İki il öncə Avropa Liqasının qrupunda qarşılaşmışdıq. Təbii ki, hədəf bəllidir. Həm "Neftçi"yə, həm də yenidən "Tvente" ilə üz-üzə gələcək "Qarabağ”a uğurlar arzulayıram".
İki il öncə "Neftçi" və "Partizan" Avropa Liqasının qrup mərhələsində üz-üzə gəlmiş və hər iki görüşdə Azərbaycan klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç rəqib futbolçuların təxribatı ilə üz-üzə qalmışdı. Süleymanov isə yenidən eyni halın təkrarlanmasından çəkinmədiklərini bildirib: "Bu gün "Neftçi”də çalışan şəxslər heç nədən qorxmurlar”.
Qeyd edək ki, oyunlar avqustun 21-də və 28-də keçiriləcək.