"Bakı" klubunun prezidenti Hafiz Məmmədov komandanın futbolçuları ilə görüşüb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüş zamanı klubun prezidenti "Bakı"nın bundan sonra da yaşayacağını, hazırkı heyətlə yola davam ediləcəyini, növbəti ilin yanvarından isə komandanın daha güclü olacağını bildirib.
Məmmədov ona güvənib bu vaxtadək düşərgədə qalan hər bir futbolçuya xüsusi təşəkkürünü çatdırıb. Komandaya olan bütün borcların isə qarşıdakı bir həftə ərzində ödəniləcəyi bildirilib. Eyni zamanda Hafiz Məmmədov bütün futbolçulara və klubun işçilərinə dözümlü olduqları üçün təşəkkür edib. Gənc futbolçulara uğur diləyən klub prezidenti komandanın bundan sonrakı çıxışının onlar üçün böyük şans olduğunu vurğulayıb.
Klubun icraçı direktoru Yaşar Seyidov isə Sportnet.az-a açıqlamasında bildirib ki, sənədlər hazırlanır və ikinci turdan meydana çıxa bilmələri üçün həftəsonunadək PFL-ə təqdim olunacaq.
Qeyd edək ki, komandanın baş məşqçisi postuna İbrahim Uzunca təyin edilib.