
Ağdamın "Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin Sportnet.az-a müsahibəsi
- Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt”la oyunda texniki məğlubiyyət aldınız. Qərara münasibətiniz necədir?
- Həmin oyunda anlaşılmazlıq oldu. İntizam Komitəsi də bu qərarı verdi. Qaydalar hər kəs üçün keçərlidir. Ancaq bu məsələni artıq şişirtməyin mənası yoxdur. Ümid edirəm ki, qarşıdakı oyunlarda uğurlu nəticə qazanıb, ilk turda itirilmiş xalları bərpa edəcəyik.
- "Tvente” ilə oyuna hazırlıqlar necə gedir?
- İndi diqqətimizi yalnız ikinci tura yönəltmişik. Qarşıda "İnter”lə çətin oyunumuz var. "İnter” güclü rəqibdir, ona görə də ciddi hazırlaşmalıyıq. İkinci tur başa çatdıqdan sonra "Tvene” ilə oyun haqda danışmaq olar. Ümumi götürəndə isə hər oyuna ciddi hazırlaşırıq.
- Komandada zədəlilər var?
- "Zalburq”la oyunda zədə alan İlqar Qurbanov ilə Maksim Medvedev hələ də müalicə alır. Ancaq onların hansı oyunda meydana çıxacaqları məlum deyil.
- "Tvente” "Qarabağ” üçün yad rəqib deyil. 2009-cu ildə də Avropa Liqasının "pley-off"unda bu klubla qarşılaşmısınız. Sizcə, illər öncəyə baxanda hazırki "Tvente” daha güclü görünür?
- Bu komanda Hollandiya çempionatında üçüncü yeri tutaraq, gücünü göstərdi. Ancaq biz də zəif deyilik. Var gücümüzlə sona kimi mübarizə aparacağıq.
- Müqayisə etdikdə, püşk "Qarabağ”a asan rəqib qismət etdi, yoxsa "Neftçi”yə?
- "Partizan” zəif komandadır bəyəm?! Avropa Liqasının "pley-off" mərhələsinədək irəliləmiş heç bir klub zəif olmaz. Rəqiblərimiz güclüdür.
Röya KƏRİMLİ