Bu gün "Kempinski Badamdar” otelin "Violet" zalında Özbəkistan milli komandasının mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, komandanın baş məşqçisi Mircəlal Qasımov avqustun 20-də Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan milli komandasını necə qiymətləndirirsiniz? Bu oyun Özbəkistan millisinə nə verəcək?
- Bakıya yığma komandanın əsas üzvlərini gətirmişəm. Asiya Oyunlarının seçmə mərhələsinə hazırlaşırıq. Çünki uğurlu çıxış etmək istəyirik. Azərbaycan millisinin oyunlarına baxmışam. Güclü komandalardan biridir. ABŞ-a qarşı yoldaşlıq görüşündə 4 və 7 nömrəli futbolçuların (Mahir Şükürov və Vaqif Cavadov) yaxşı oynadığını vurğulaya bilərəm. Hazırki heyətin oyunçularını çox da tanımıram.
- Azərbaycan millisi Asiya çempionatında çıxış etsəydi, hansı nəticəni qazanardı?
- Ümumiyyətlə, Azərbaycan millisində texniki cəhətdən yaxşı oyunçular olub. Azərbaycan Asiyada çıxış etsəydi, yəqin ki, mükafat uğrunda mübarizə aparardı. Bəzi yoldaşlıq oyunlarını izləmişəm, komandanız çox yaxşı oyun sərgiləyir. Özüm Nazim Süleymanov, Arif Əsədovla bir yerdə oynamışam. Çox yaxşı, texniki gücə sahib futbolçular olublar.
- Bahodir Nasimovun milliyə çağırılmamasının səbəbi nədir?
- Bahodir yığmaya namizədlərdəndir. Sadəcə bir neçə ay klubsuz qaldığı üçün oyun təcrübəsi baxımdan əziyyət çəkir. Buna görə də milliyə dəvət almayıb.
- Azərbaycan ilə oyunda əsas, yoxsa ehtiyat heyət futbolçularına güvənəcəksiniz?
- Sabah oyuna əsas oyunçular çıxacaq. Bakıya 20 futbolçu gətirmişik. Son olaraq burada əsas heyəti müəyyənləşdirməliyik. Bu, hazırlıq baxımından həm Azərbaycan, həm də bizim üçün çox faydalı oyundur. Komandanız AÇ-2016-nın seçmə mərhələsinə hazırlaşır, biz isə Asiya Oyunlarına.