
"Neftçi" klubu bu gün Serbiyada "Partizan"la keçirəcəyi Avropa Liqasının ilk "pley-off" matçına qırmızı formada çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə matç öncəsi mətbuat konfransında klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.
O bildirib ki, "Neftçi"nin qeyri-ənənəvi forma ilə oynamasının səbəbkarı "Partizan" olub: "Bu oyunadək rəqib həmişə ağ-qara zolaqlı formada çıxış edib. Amma nədənsə, bu oyuna qara şortik və qara corablar sifariş ediblər. Belədə bizim qara forma geyinmək üçün seçim imkanımız qalmayıb. Ona görə də biz UEFA-ya sifariş verdiyimiz 3-cü ehtiyat formanı məcburiyyətdən geyinəcəyik".
"Neftçi" rəsmisinin sözlərinə görə, bu qərar "Partizan"ın əzəli rəqibi "Srvena Zvezda"nın rənglərində bilərəkdən meydana çıxmaları kimi başa düşülməməlidir: "Düzdür, əsas qapıçımız Saşa Stamenkoviç vaxtilə "Srvena Zvezda"da oynayıb. Amma biz "Neftçi"yik və bizim də rənglərimiz "ağ-qara"dır".
Qeyd edək ki, "Partizan" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.