
Deyəsən, cüt illər Azərbaycan futboluna həqiqətən düşür. İlk dəfə avrokuboklarda, onda da Avropa Liqasının qrup mərhələsinə düşməyimiz cüt ildə - 2012-də olmuşdu. İndisə 2014-dür və yenə qrup mərhələsində təmsilçimizin olmasının sevinci yaşayırıq. Mən daha çox baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqova görə sevinirəm. Çünki müstəqil Azərbaycan futbolunda özünəməxsus yerləri tutan, təkcə klubda yox, milli komandada da liderlər, kapitan olan bu insanlara da tarixi nəticəni qazanmaq müəssər oldu.
Cüt illərlə bağlı sözümə davam edərək, tarixə nəzər salmaq istəyirəm. Beləliklə...
1992-ci il - Azərbaycan milli komandası tarixində ilk oyununu keçirir: Gürcüstan yığmasıyla səfər matçı .
1994-cü il – AFFA FİFA-ya, UEFA-ya üzv qəbul olunur və milli komandamız seçmə mərhələdə debüt edir: Rumıniya yığmasıyla səfər oyunu.
1996-cı il – Milli komandamız Azərbaycanda ilk oyununu keçirir və vətəndə ilk rəsmi qələbəsini qazanır: İsveçrə yığması üzərində 1:0.
2000-ci il – Azərbaycan Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında ilk dəfə mərhələni "Şəmkir”lə keçir.
2004-cü il – Azərbaycan futbolunda bum həmin dövrdə baş verir və sonradan lider olan bir sıra klublar yaranır. Milli komandamızın baş məşqçi postuna isə Pelenin kapitanı olmuş dünya çempionu Karlos Alberto Torres gəlir.
2006-cı il – Azərbaycan UEFA kubokunda (indiki Avropa Liqasında) ilk dəfə mərhələni "Karvan”la keçir və ilk dəfə "Birlik kuboku" ənənəvi turnirinin qalibi "Neftçi"ylə olur.
2008-ci il – Azərbaycan avrokuboklarda ilk dəfə 2 mərhələni "Neftçi”ylə İntertoto kubokunda keçir və ilk dəfə pley-off oyunlarının iştirakçısı olur. Bu dəfə "Birlik kuboku"nu "Xəzər Lənkəran"la qazanırıq.
2010-cu il – Milli komandamız Türkiyə yığması üzərində Bakıda 1:0 hesablı tarixi qələbəni qazanır.
2012-ci il – "Neftçi” qrup mərhələsinə düşən ilk təmsilçimiz olur, Azərbaycanda ilk dəfə futbol üzrə dünya çempionatı (U-17 qızlar arasında) keçirilir.
2014-cü il – Azərbaycanın növbəti tarix yazaraq qrupa düşən təmsilçisi "Qarabağ” olur.
Təbii ki, cüt illərdə uğursuzluqlarımız, tək illərdə uğurlarımız da olub. Ancaq gördüyünüz kimi, uğurların daha çox cüt illərə təsadüf etməsi diqqət çəkir. Özü də qarşıdakı tarixi hadisələr də cüt illərdə olacaq. 2016-cı ildə Azərbaycanda ilk dəfə oğlanlar – U-17-lər arasında Avropa çempionatının final mərhələsi keçiriləcək. 2020-ci ildə isə dünya çempionatının keçiriləcəyi şəhərlərdən biri olmağa Bakı real namizəddir.
Hələliksə futbolsevərləmiz "Qarabağ”ın qələbəsinə şadyanalıq edir və belə bir önəmli adı daşıyan komandayla qrup mərhələsində təmsil olunmaq bizlər üçün ikiqat sevindiricidir. Təbriklər və növbəti uğurlar!!!
P.S: Maraqlıdır, çalışdığım "Qəbələ”nin də tarixi nəticəsi - ilk dəfə çempionatımızın medalçısı olması, avrokuboklara və ölkə kubokunun finalına çıxması cüt ildə, 2014-də həyata keçdi.
P.P.S: Öz aramızdır, SSRİ vaxtında yeganə nəticəmiz – "Neftçi”nin 1966-da bürünc medalçı olması da cüt ildə olub. Gördüyünüz kimi, cüt illər Azərbaycan futbolunda nəticə qazanılan tarixlərdir.
Mehman SÜLEYMANOV