
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Sportnet.az-a müsahibəsi...
- "Partizan”la oyunu necə qiymətləndirirsiniz?
- Belqradda 2:0 hesabı ilə irəlidə olduğumuz halda 3 top buraxdıq. Bakıda isə belə bir meydanda, belə bir hakim idarəçiliyində oynadıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm ki, sona kimi dəstək oldular. Komanda sona kimi döyüşdü. Hər bir legioner futbolçu öz məsuliyyətini hiss etməlidir. Belə oyunda meydançada birləşmək lazımdır. Avropa Liqasının bu mərhələsinə gəlib çatmaq özü böyük bir uğurdur. Komanda ilk görüşdə uduzaraq, qrup mərhələsinə vəsiqənin 70%-ini əldən vermişdi. Cavab oyununda da mübarizə apardıq. Flavinyonun, Kanalesin, Vobayın, Arazın 100 faizlik qol imkanları oldu. Lakin bu şanslardan istifadə edə bilmədilər. Hakim də ilk dəqiqədən sonadək bütün mübahisəli epizodlarda bizim əleyhimizə idi. İlk oyunda da Belqradda türkiyəli hakimlər ofsayddan qolu qeydə aldılar və sonda məğlub olduq. Texnikalı komanda üçün belə meydanda oynamaq çox ağır idi. Düzdür, "Partizan” da bu meydanda oynadı. Amma sona kimi döyüşmək lazım idi. Deyim ki, onların da bizdən çox imkanları oldu, yox. Sadəcə rəqib ələ düşən fürsətdən istifadə edə bildi.
- Klub prezidenti Sadıq Sadıqov oyundan sonra narazılığı bildirirdi...
- Sadıqov illər ərzində bu klub üçün hər cür şərait yaradıb. Heç kim narazılıq edə bilməz. Düzdür, bura kimi irəllədik. Bu da Azərbaycan futbolu üçün uğurlu nəticədir. Ancaq irəlləmək üçün tək yox, cəm halda çalışmaq lazımdır. "Partizan” çox təcrübəli komandadır. Futbolu qol vuran aparır. Bu nəticəyə görə təəssüflənirəm. Lakin Azərbaycanın Avropada artıq imici var. Bu da "Neftçi”nin, "Qarabağ”ın timsalındadır.
- Klub prezidentinin Bertuççiyə qarşı hansı iradları oldu?
- Hər bir legioner öz məsuliyyətini dərk etməlidir. Meydanda canını qoymalıdır. Necə ki digər futbolçular. Bertuççi səviyyəli futbolçudur, amma zədəsi vardı. Elə zədəli halda da oynayırdı. İstənilən halda, bu "pley-off" mərhələsidir. Çox təəssüf ki, belə alındı. Ancaq artıq irəli baxmaq lazımdır. Son illərdə Azərbaycanın klub reytingi Avropa da artıb. Bir daha vurğulayıram, onun davamını gətirmək üçün, media qarışıq hamı birləşməlidir.