
Tofiq Bəhramov adına Respublika stadionunun baş direktoru Akif İsmayılovun Sportnet.az saytına müsahibəsi..
- "Neftçi"nin Serbiya "Partizan"ı ilə oyununda stadionun ot örtüyünün bərbad hala düşməsinin səbəbi nə idi?
- Heç kim istəməzdi ki, stadion bu hala düşsün. Amma havaların həddən artıq isti keçməsi üzündən ot örtüyünü lazımi vəziyyətə gətirə bilmədik. Son 50 - 60 ildə belə isti olmamışdı. Nəticədə ot örtüyü pis vəziyyətə düşdü. Çox çalışdıq ki, "Neftçi”yə yaxşı şərait yaradaq. Güclü preparatlardan da istifadə etdik, amma bəhrəsini vermədi. Ot örtüyünə qulluq edən ingiltərəli mütəxəssislər də çox çalışdılar. Ancaq istilər çox oldu. Mənə elə gəlir ki, stadionumuzun qazonu keçən dəfə "Qarabağ” oynayanda olan vəziyyətdən də pis idi.
- Oyundan əvvəl "Neftçi”yə xəbərdarlıq etmişdiniz ki, stadionun vəziyyəti yaxşı olmayacaq?
- Mən klub rəsmiləri ilə görüşmüşdüm. Hətta onlar Serbiyada olanda belə, mən zəng edib bildirmişdim ki, meydanın vəziyyəti yaxşı deyil, vaxt isə azdır. Bu gün "Neftçi” klubunu heç nədə günahlandırmıram, stadion oynamaq üçündür. Çox çalışsaq da, stadionu yaxşı vəziyyətə gətirə bilmədik. Ancaq öncədən demişdik ki, vəziyyət yaxşı deyil. Dedilər bolqar mütəxəssis korlayıb, onu kənarlaşdırdıq, ingilis mütəxəssis gətirdik. Mənim ot örtüyündən başım çıxsaydı, ehtiyac olmazdı bolqar ya da ingilisə pul ödəməyə. Stadiona rərhbər, cavabdeh mənəm, amma ot örtüyünün öz mütəxəssisi var. Burada stadion qurulanda ingilislər gəlib baxır. Bu işin mütəxəssisidirlər. Onlarda hava şəraiti çox gözəldir, sərindir. Ot isə sərinliyi sevir. İstilik varsa, ot örtüyünə ziyandır. Bizdə isə iyul - avqust aylarında problemlər yaranır. İyunda, iyulun əvvəlində stadiona gələnlər gördülər ki, qazon yüksək səviyyədədir. İyulun 15-dən sonra vəziyyət lap pisləşdi.
- Amma meydanın vəziyyəti matçdan az önvcə sulandıqdan sonra lap pis vəziyyətə düşdü. Bu, vacib idi?
- O, bizlik deyil. Ot örtüyündə problem olduğundan, biz də istəyirdik ki, sulanmasın. Amma meydan UEFA-nın nümayəndəsinin tələbi ilə sulandı. Ona görə də problemlər lap üzə çıxdı. İngilislər dedilər ki, çox sulanmasa, yaxşıdır. Amma numayəndə tələb etdi deyə, biz də ona uyğun etdik.
- "Neftçi” tərəfi məğlubiyyətə səbəblərdən biri olaraq ot örtüyünü deyir. "Qarabağ” da üstüörtülü buna işarə vurmuşdu. Sizcə, belədir?
- Demək olar ki, ot örtüyü oyuna mənfi təsir edirdi, hətta çox mənfi təsir etdi. Ancaq 100% bizim üstümüzə yıxmaq düzgün deyil. Özümüzü kənara çəkmirik. Ot örtüyündə problem olmasını hamı görürüdü. Bu günlər çox böyük ajiotaj yaranır. Ancaq belə baxanda "Qalatasary” – "Fənərbağça”, "Beşiktaş” - "Arsenal” oyununda belə stadionda problemlər vardı. Çünki Türkiyədə də hava isti keçir. Bütün il boyu yaxşı olur, gəlir iki ayda problem çıxır.
- Bir çoxları Sizin istefa verməyinizi istəyir...
- (gülür) Bilsəm ki, mənim istefa verməyimlə ot örtüyündə çətinlik olmayacaq, onda problem yoxdur. Hansı rəhbər istəyər ki, işlədiyi yerdə problem çıxsın? Ot örtüyünü Akif İsmayılov özü əkmir. Elə o yazan adamlar gəlib 60 dərəcə istinin altında yazanda görmür ki, hava necədir? Yerin altında otun köklərinin temperaturu 100 dərəcəyə gedib çıxır. O demək deyil ki, özümüz yandırmışıq. Mütəxəssislər baxır işə. Digər stadionlarda da problemlər var. Hava istidir, cox istidir. Bu gün oyun bizdə keçdi deyə, o problemi gördülər. "Neftçi” burada oynamasaydı, biz öt örtyünü 15 - 20 günə düzəldəcəkdik. Bu məsələni belə qaldırmaq düzgün deyil. Biz öz işimizi görüb, əziyyətimizi çəkirik. Kiminsə sözü ilə nəyisə etmək düzgün deyil.
- Tofiq Bəhramov stadionu İdman Nazirliyinin balansındadır. Ot örtüyü ilə bağlı nazirlikdən sizə irad bildirdilər?
- Nazir Azad Rəhimov də "Qarabağ"ın "Tvente" ilə ev oyununda burada idi. Öz iradlarını bildirdi. Dedi ki, qazonda niyə belə problemlər var və gözləməzdim ki, bizdə meydanda belə vəziyyət yaransın... Bildirdi ki, bu aylarda bolqarlar ot örtüyünə qulluq etməyi bacarmırlarsa, bacaranı gətirin. Biz də ingilis mütəxəsissləri dəvət etmişik. Onlarla da müqavilə bağlanmaq üzrədir. Həmişə bütün oyunları pis səviyyədə keçirməmişik. Çalışacağıq ki, bu probleməri aradan qaldıraq.
Röya KƏRİMLİ