Bu gün Azərbaycan Çimərlik Voleybolu Assosiasiyasının prezidenti Cavid Qurbanov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Serbiyanın paytaxtı Belqradda keçirilmiş Kontinental Kubokun II mərhələsinin qalibləri ilə görüşüblər. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Qurbanovla Qarayev həm qadınlardan, həm də kişilərdən ibarət cütlüklərimizi və məşqçiləri qələbə münasibəti ilə təbrik ediblər.
Assosiasiya prezidenti deyib: "Siz Azərbaycan bayrağını yüksəklərə qaldırdınız. Azərbaycan xalqı çox səmimi və mehribandır. İnanıram ki, məhz buna görə ölkəmiz sizi sevəcək. Azərbaycan bayrağını üzərində daşımaq və onu yüksəklərə qaldırmaq böyük fəxrdir. Siz həmişə bunu bilməlisiniz".
Daha sonra Qurbanov oyunçuların problemləri ilə maraqlanıb.
Qarayev və Qurbanov 10 sentyabrda start götürəcək "2014 CEV Beach Volleyball European Championship Baku Masters” yarışında komandalarımıza uğurlar arzulayıblar.