"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı öncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis hazırlıq dövründə rəqibi tanımağa çalışdıqlarını bildirib.
O bildirib ki, komandasının hər bir üzvü üçün "Sent Etyen" maraqlı rəqibdir: "Rəqib həm hücum, həm də müdafiədə yaxşı oynayan komandadır. Azarkeşlər üçün maraqlı oyun olacaq. Biz də yaxşı hazırlaşmışıq. İnanıram ki, oyunun nəticəsi yekunda tərəfdarlarımızı sevindirəcək”.
Qurbanov köməkçilərinin "Sent-Etyen”in Fransa çempionatındakı oyunlarını izləyərək, analiz etdiklərini, oyunçularını yaxından tanımağa çalışdıqlarını əlavə edib. Lakin o, rəqibin daha öncə penaltilər seriyasında üstələdiyi "Karabükspor"dan heç nə öyrənmədiklərini söyləyib: "Bir dəfə də qeyd etmişdim ki, indi texnologiya inkişaf edib. Biz onların son oyunlarını analiz etməyə, oyunçularını daha yaxından tanımağa çalışmışıq. Nümayəndəmiz "Sent-Etyen”in "Kan”la matçını izləməyə getmişdi. Eləcə də "İnter”in son çempionat matçı nümayəndəmiz tərəfindən izlənilib”.
Rəqibin standard zərbələrdən daha təhlükəli olduğunu deyən Qurbanov daha az cərimə etməyə çalışacaqlarını dilə gətirib: "Düz qeyd etdiniz ki, biz standard vəziyyətlərdən qol buraxmışıq. Qapıçımızın üzərinə sabah böyük iş düşəcək. Bunun üzərində çalışırıq. Standard vəziyyəti ustalıqla yerinə yetirən oyunçuları var. Ona görə də çalışacağıq ki, mümkün qədər az cərimə edək”.
Qeyd edək ki, sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq.