
Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandası 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tam heyətlə çıxış edəcək. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, olimpiadada yeniyetmə qızlar 46, 52, 60 və 70 kq, sərbəst güləşçilər 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçiləri isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində mübarizə aparacaq.
FİLA qaydalarına əsasən, hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər. Bolqarıstanın Samokov şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimiz lazımi sayda lisenziyalar qazanıb. Sərbəst güləşçilərimiz 46, 63 və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 və 69 kq-da, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində vəsiqələrə sahib olublar. Olimpiadada pəhləvanlarımızın konkret hansı çəkilərdə çıxış etmələrinə isə AGF və məşqçilər heyəti qərar verəcək.
Qeyd edək ki, 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25 - 27 avqustda olacaq.