Qurban bayramı
İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində
hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç
gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş
qurban əsasən kasıb və imkansızlar arasında bölüşdürülür. Pay bölgüsü bərabər aparılır,
qurban kəsən özü də pay götürür.
Müqəddəs bayram biz azərbaycanlılar üçün də
xüsusi, dəyərli önəm daşıyır.
Sportnet.az "Qurban bayramını necə keçirəcəksiniz?
Bayramın hansı adətini yerinə yetirəcəksiniz?" sualı ilə futbol ictimaiyyətinə
üz tutdu.
Cəmşid Məhərrəmov ("Bakı”nın futbolçusu) :
"Qurban bayramını İslam adət-ənənəsinə uyğun keçirəcəyəm. İnşallah, tədarük
görmüşük, qurban kəsəcəyik. Sizin vasitənizlə də bütün Azərbaycan xalqını Qurban bayramı
münasibəti ilə təbrik edirəm! Arzu budur ki, torpaqlarımız işğaldan azad olsun,
belə bayramları Qarabağda qeyd edək”.
Ağasəlim Mircavadov (Mütəxəssis) : "Hər il öz
ailəm ilə birlikdə keçirirəm. Hər bayram qurban kəsirik. İslam adətinə əsasən,
7 qonşuya pay veririk. Hər il bizdə belə
olub. Mən gözümü açandan mərhum
ata-anamdan belə görmüşəm. Bilirik, qohum-qonşuda kimin imkanı var və ya yoxdur”.
Fərhad Vəliyev ("Qarabağ”ın futbolçusu) : "Hər
il olduğu kimi, ailəmlə, yaxınlarımla birgə qeyd edəcəyik. Yaxınlarıma hədiyyə
alıb, bayramlarını təbrik edəcəm. Qurban kəsəcəyini qabaqcadan demək, dilə gətirmək
yaxşı deyil. Kimin imkanı varsa, kəsib, ehtiyacı olanlara paylasın, savabı
böyükdür. İnşallah, biz də savab iş görməyə çalışacağıq”.
Leyla Solmaz (Qızlardan ibarət milli
komandanın futbolçusu): "Dinə çox yaxın
olmasam da, bu bayramı sevirəm. Ailəmlə qeyd edirik, evimizdə yeməklər
bişirilir. Böyüklərin əllərindən öpürük, onlar da bizə pul verirlər”.
Orxan Məmmədov (Hakim): "Çalışacağam ki,
vaxtımın çoxunu ibadətə həsr edim. Elə indicə gedirəm qurbanlıq almağa.
İnşallah, yaxınlarıma və ehtiyacı olanlara paylayacağam. Allah cəmi ölənlərimizə
rəhmət eləsin. Dünyasını dəyişənləri də ziyarətə gedəcəyəm”.
Nurlan Novruzov ("Bakı”nın futbolçusu) :
"Qurban bayramında hər il qurban kəsib, 7 evə paylayırıq. Bu bayram müsəlmanlar
üçün əsas bayramlardan hesab olunur. Mən də çox sevirəm. Dostlar, qohum-əqrabalar
bir yerə yığışır. Bundan gözəl nə ola bilər ki!”.
Röya KƏRİMLİ