
Albaniya millisinin futbolçusu Ansi Aqolli AVRO-2016-nın Serbiyaya qarşı seçmə matçında baş verən insidentə münasibət bildirib. Ağdamın "Qarabağ" klubunun da müdafiəçisi olan Aqoli deyib ki, serbiyalı futbolçular Albaniyanın bayrağıını cırmaq istəyiblər:
"Bunun qarşısını almaq üçün bayrağı onların əlindən aldıq. Məncə, düzgün hərəkət etdik. Kim olsa, bayrağı üçün eyni şeyi edərdi. Bayrağımızı qorumağa çalışdıq. İnsident zamanı mən heç kəsi vurmadım. Ancaq rəqib komandanın futbolçuları mənə bir neçə dəfə yumruq atdı. Baş verənlərə hələ də inana bilmirəm".
Aqoli qarşılaşmadan əvvəl serblərin onlara qarşı hörmətsizlik etdiyini də açıqlayıb: "Azarkeşlərin səsindən Albaniya millisinin dövlət himnini eşidə bilmədim. Qarşılaşma başladığı zaman isə onlar əllərində olanları bizə tulladılar".
Təcrübəli müdafiəçi bundan əvvəl İrəvanda keçirilmiş Ermənistan - Serbiya görüşündə erməni azarkeşlərin açdığı "Qarabağ Ermənistanın, Kosovo isə Serbiyanındır" pankart haqda da danışıb. O deyib ki, hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox gözəl bilir: "Dünya Qarabağı Azərbaycan torpağı, Kosovanı isə müstəqil ölkə kimi tanıyır".
Qeyd edək ki, Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini-helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovonın da əhatə olunduğu "Böyük Albaniya" bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırıb (qol.az).