
Azərbaycanlı ikiqat dünya çempionunun AİBA Pro Boxing turnirində ukraynalı Sergey Verveyko ilə noyabrın 30-da 91
kq-dan yuxarı çəki dərəcəsində keçirəcəyi döyüş öncəsi mətbuat konfransı təşkil
olunub. Sportnet.az-ınməlumatına görə, Məhəmmədrəsul
Məcidov 2013-cü ilin oktyabrında dünya çempionu olduqdan sonra ilk rəsmi
döyüşünə hərtərəfli hazırlaşdığını bildirib.
O, "AİBA Pro Boxing”dəki ilk görüşdən kənarda qalmasını
xəstəliyi ilə əlaqələndirib: "Keçən dəfə zökəm və qripə yoluxmuşdum. Çox pis vəziyyətdə idim. Amma bu dəfə yaxşıyam. Rəqibi də tanıyıram".
Məcidov ötən bir il ərzində məşq edərək, hazırlıq
proseslərində daim iştirak etdiyini söyləyib. Boksçu "ulduz xəstəliyi”nə
yoluxduğuna dair iddiaları təkzib edib: "Mən bu müddətdə istirahət etmirdim.
Ulduz xəstəliyinə yoluxmamışdım. Bunu məni tanıyanlar da bilirlər. Cüzi zədələr
olduğundan, "Baku Fires"in heyətində WSB Liqasına da qatılmırdım”.
Titullu idmançının fikrincə, 1 il döyüşməməsi boks üçün elə
də böyük fasilə deyil. O, fiziki cəhətdən hazırlıqlı olduğunu deyib: "Düzdür,
ilk döyüşü buraxmağım lisenziya şanslarını azaldır. Amma əlimdən gələn və
özümdən asılı olan hər şeyi edəcəyəm ki, elə ilk mövsümdəcə 2016-cı il
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı qazanım. Rəqiblərlə rinqə
döyüşü vaxtından tez başa vurmaq üçün çıxmıram. Sadəcə, zərbəm alınanda nokautla
qalib gəlirəm”.
Məcidov həvəskarlar arasında dünya çempionatı və digər
turnirlərdən olimpiadaya lisenziya şanslarının da olduğu halda, "AİBA Pro
Boxing”ə qatılmasının səbəbini açıqlayıb: "Bu layihə çox yaxşıdır. Həvəskar
boksçulara peşəkar boksda çıxış imkanı və lisenziya imkanı verir. İlk lisenziya
məhz peşəkar boksda olacaq. Bu amillər üzündən AİBA Pro Boxingə qatıldım”.
Verveyko da azərbaycanlı boksçu ilə döyüşə yaxşı
hazırlaşdığını və Məcidovun əvvəlki döyüşlərini internet vasitəsilə izlədiyini
söyləyib. O, qalib gələcəyinə inandığını deyib: "İnanıram ki, maraqlı
döyüş olacaq və qalib gələcəyimə ümid edirəm”.
Qeyd edək ki, sabah "Sərhədçi” İdman Olimpiya Mərkəzində
keçiriləcək döyüş saat 19:00-da başlanacaq.