1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Yığmada dəyişikliklər mütləq olacaq" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki uefa.com-a müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yeni Ili necə qarşıladınız İstirahət edə və güc yığa bildiniz?
- Dekabrın 22-dək Bakıda oldum və sonra Zaqrebə yollandım. Yeni İli Xorvatiya paytaxtında ailəm və qohumlarımla qarşıladım. Bayramlar çox şən keçdi. Yəni, müsbət enerjim təmin olunub.
- Təyinatınız barədə danışardınız. Sizi Bosniya və Herseqovina yığmasına da çağırırdılar. Nəyə görə məhz Azərbaycanı seçdiniz?
- AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış oldum. Biz ilk dəfə orada ünsiyyətdə olduq və görüş çox maraqlı alındı. Bir müddət sonra yenidən görüşdük və artıq konkret danışdıq. Bosniya və Herseqovina variantı isə sonradan ortaya çıxdı. Mən Azərbaycana üstünlük verməyi qərara aldım. Çünki ideyaları mənə daha cəlbedici göründü. Bu, sözün ən geniş mənasında əsl layihədir. Mən işıqlı gələcək görürəm. Azərbaycanda üzərində işləniləsi çox şey var və bunun üçün bütün şəraitlər mövcuddur. Bəli, Bosniya və Herseqovinanın aparıcı çempionatlarda çıxış edən yaxşı oyunçuları var. Amma Azərbaycan komandası ilə iş perspektivi məni daha çox cəlb etdi. Söhbət çoxlarının düşündüyü kimi əsla pulda deyil. Ümumiyyətlə, futbolda heç də hər şey qiymətli kağızlarla ölçülmür. Daha vacib şeylər var. Əlbəttə, azərbaycanlıların mənimlə bosniyalılardan tez əlaqə saxlamaları da öz rolunu oynadı.
- Qarşınıza qoyulan məqsədlər nədir və özünüz hansı inkişafa ümid edirsiniz?
- İlk növbədə, təəssüflə qeyd etməliyəm ki, AVRO-2016-nın seçmə mərhələsindəki 4 oyunda Azərbaycan millisi 1 xal da yığmayıb və bu səbəbdən, futbolçular elə də yüksək psixoloji durumda deyillər. Hazırda əsas məqsəd məhz bu amilin aradan qaldırılmasıdır. Futbolçularda qalib psixologiya tərbiyə etmək, onları özlərinə inanmağa məcbur etmək lazımdır. Ümumilikdə biz seçmə mərhələni turnir cədvəlində mümkün qədər yuxarıya qalxmaqla başa vurmaq istəyirik. Bəli, bu, çətin olacaq, amma bizim böyük potensiallı gənclərimiz var. Müqavilə bağladıqdan sonra mən bir çox futbolçunu izləmişəm. Onların arasında diqqətimi cəlb edən kifayət qədər oyunçu tapılıb. Hələlik ad çəkməyəcəyəm. Amma bu uşaqlara inanır və ümid edirəm. Bir sözlə, üzərində işləməli məsələlər var. Qlobal məsələ isə növbəti seçmə tsiklə hazırlıqdır. Rəqabətədavamlı komanda formalaşdırmaq lazımdır ki, liderlərlə bərabər mübarizə apara bilsin.
- Yığmadan Berti Foqtsun dövründəki futboldan fərqli oyun gözləmək olar? Hücum futboluna üstünlük verdiyinizi dəfələrlə qeyd etmisiniz. Bəs komandanın özü bu cür oyuna qadirdir?
- Ondan başlayaq ki, futbolda müdafiə olunmaq hücum etməkdən asandır. Dəyişikliklər isə mütləq olacaq. Özü də təkcə oyun sistemində yox, heyətdə də. Bizim başqa cür oynamaq, daha çox və səmərəli hücum etmək üçün potensialımız var. Futbolçuların təkcə irəli qaçmağa yox, gözəl oyun sərgiləməyə potensialı var. Əlbəttə, bu, asan deyil. Amma işləyəcəyik.
- Azərbaycanın futbol infrastrukturu barədə nə deyə bilərsiniz?
- İnfrastruktur çox yaxşıdır. Yeni stadionlar və digər idman qurğuları tikilir. Hər şeyi gözlərimlə görürəm və hesab edirəm ki, bu, bütün ölkənin xeyrinə olacaq. Burada futbol oynamaq, özü də yaxşı oynamaq üçün hər cür şərait yaradılıb.
- Ölkə çempionatının səviyyəsi barədə mövqeyiniz necədir?
- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Premyer Liqada mübarizə maraqlı gedir. 3-4 çox yaxşı komanda var. Götürək, Avropa Liqasının qrup mərhələsindən 1/16 finala vəsiqənin bir addımlığında dayanan "Qarabağ"ı. Güclü klubların tərkibində bir çox yüksək səviyyəli legioner var. Elə Ağdam komandasında Reynaldo və Riçard Almeydanı qeyd edərdim. Belə ustalarla birgə oynayan yerli futbolçular güclü və təcrübəli olacaqlar. Ümumiyyətlə, hazırkı limit - hər komandanın heyətində ən azı 5 yerli futbolçunun oynaması və onlardan 1-nin yaşının 21-dək olması mənim çox xoşuma gəlir. Meydana çıxan 6 legionerin yerli futbolçulardan səviyyəcə yüksək olmaları vacibdir. Onların səviyyəsi nə qədər yüksək olsa, yerlilər də o qədər sürətlə artıracaq və möhkəmlənəcəklər.
- Ümumiyyətlə, Azərbaycan barədə nə deyə bilərsiniz?
- Azərbaycan və onun paytaxtı mənim çox xoşuma gəlir. Bakı xüsusi arxitekturası ilə birgə gözəl şəhərdir. O, inanılmaz sürətlə inkişaf edir, yalnız və yalnız irəli gedir. İri investisiyalar nəticəsini verir. Ailəmlə birgə getməyim bu ölkəyə olan münasibətimin göstəricisidir. Qızlarım Bakı məktəbində təhsil alacaqlar. Burada yaxşı yaşamaq üçün hər şey var. Gözləntilərimin özünü nə dərəcədə doğrultmasına gəldikdə, açığı, nəyin necə olacağını heç düşünməmişdim. Əlbəttə, Azərbaycan barədə bilirdim. Amma heç vaxt orada olmamışdım. Təklif alanda ilk növbədə, internetə girdim. Şükür Allaha, Yerin hər bir guşəsi barədə məlumat almağa imkan verən qlobal şəbəkə mövcuddur. İlk işim Bakı barədə fotolara və videoçarxlara baxmaq oldu. Sonra isə başqa məlumatlar topladım.