İspaniyanın "Atletiko" klubunda baş məşqçi Dieqo Simeone ilə futbolçu Arda Turan arasında münaqişə yaranıb. Sportnet.az-ın məlumatına görə, onların münasibətləri Madrid komandasının "Barselona"ya 2:3 hesabı ilə uduzduğu İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra kəskinləşib.
Həmin oyunda Turan butsunu çıxararaq, yan xətt hakimi tərəfə atıb. Futbolçu cəzadan qurtulsa da, Simeone yetirməsinin ünvanına bəzi iradlar səsləndirib. Odun üstünə yağ tökən fakt isə dünyanın ən yaxşı baş məşqçi seçimi zamanı Türkiyə yığmasının kapitanının argentinalı mütəxəssisi birinci pillədə göstərməməsi olub. Hərçənd, sonradan Arda səsinin düzgün qeydə alınmadığını bildirib.
Hazırda 28 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin "Arsenal", "Mançester Yunayted" və "Liverpul", eləcə də İtaliyanın "Milan" və "Roma" klubları maraqlanır.
Qeyd edək ki, bu mövsüm Arda Turan İspaniya çempionatında 18 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.