Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Hazırlıq prosesi ilə bağlı fikirlərinizi bildirərdiniz..
- Mənim üçün hazırlıq həftənin ilk günündən başlayıb. Klubda oyun olduğundan, düşərgəyə bir az gec qoşuldum. Komandada istək böyükdür və hamımız məşqlərdə yaxşı iştirak edirik. İndiyədək Azərbaycan millisi ilə qələbə qazanmamışam. Məşqləri bu cür davam etdirsək, Malta ilə oyunda qələbə bizim olacaq.
- Rəqib haqda hansısa məlumatınız var?
- Dünən bu barədə qısaca danışdıq. Orada bir neçə futbolçunu tanıyıram. Ancaq mənə maraqlı deyil ki, onlar hansı heyətlə gələcəklər. Əsas odur ki, biz öz oyunumuzu sərgiləyək və azarkeşləri sevindirək. Nəticədə 3 xalı Bakıda saxlamalıyıq.
- Yığma komandaya Berti Foqtsun vaxtında dəvət olunmusunuz. Robert Prosineçki tərəfindən dəvət olunacağınızı gözləyirdiniz?
- Məndə belə fikir olmayıb. Çünki milliyə dəvət olunanda əlimdən gələni etmişəm. Prosineçkinin məni dəvət etməsi onu göstərir ki, Azərbaycanda mənə inam var. Çalışacağam ki, bu inamı doğruldum.
- Robert Prosineçki haqda məlumatınız vardı?
- Bilirdim ki, o, keçmişdə güclü futbolçu olub. Hətta mənim mövqeyimdə - hücumameylli futbol oynayırdı. O vaxtı mən uşaq idim, ancaq onun haqda məlumatım vardı.
- Almaniya futboluna bələdsiniz. Emil Balayevin "Ayntraxt"da əsas heyətə düşmə şansı var?
- Emil potensiallı qapıçıdır. Düzdür, "Ayntraxt"ın əsas qapıçısı heç də zəif deyil, amma Balayev də zəif qapıçı deyil. İnanıram ki, hər şey yaxşı olacaq.