AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlər üçün brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, baş katib əvvəlcə İsveç yığması və Fransa PSJ-sinin futbolçusu Zlatan İbrahimoviçin Azərbaycana səfəri ilə bağlı məsələyə aydınlıq gətirib...
- İbrahimoviçin Azərbaycanda olması xəbəri bizə dünən gəldi. Təbii ki, çoxlu sayda zənglər edilirdi. Zəng edənlər "Olarmı gəlib Zlatanla şəkil çəkdirək?" deyirdilər. Gəlişi barədə öncədən xəbərimiz olsaydı, hansısa tədbir, birgə layihə təşkil edərdik. Digər tərəfdən, idman ulduzlarının gəlişi Azərbaycanın Avropada idman mərkəzinə çevrilməsi ilə əlaqədardır. Kimisi dincəlməyə, öz dostlarını görməyə gəlir, kimisi iş üçün gəlir. Bu o demək deyil ki, biz hər gələn insanla layihə həyata keçiririk. Artıq belə hallara normal baxmağın vaxtı çatıb. "Bakı 2015" I Avropa Oyunlarına 6 mindən çox idmançı gələcək. Təbii ki, aralarında böyük futbol ulduzları olacaq. Yadımdadır, 17 yaşadək qızlar arasında dünya çempionatında püşkatama vaxtı Fransa nümayəndələri gəlmişdi. Əyləşəndə heç xəbərimiz yox idi, keçmiş futbolçu Villi Sanyol texniki heyətin nümayəndəsi kimi yanımızda oturub. Normal haldır ki, böyük idman və ya futbol ulduzları Azərbaycana gəlir. Növbəti illərdə inanıram ki, daha da çox gələcəklər. Kimisi məzuniyyətə, kimisi dincəlməyə gələcək. Onları birgə layihələrə dərhal cəlb etmək çətin olacaq. 2-3 günlük dincəlməyə gələni təzyiq altında qoymaq, ona müraciət etmək bəlkə də düzgün olmazdı.
- Avropa Oyunlarının proqramındakı çimərlik futbolunu izləməyə gələnlər arasında məşhur adların yer alacaq?
- Bir neçə ölkədən bizə müraciətlər gəlib. Oyunlarda İspaniya, İtaliya kimi yığmalarla birgə, ola bilsin, böyük futbol ulduzları da öz komandalarını dəstəkləməyə gəlsinlər. Çimərlik futbolu yarışlarında İspaniya, İtaliya milliləri çıxış edəcək. Ola bilər ki, öz təmsilçilərini dəstəkləmək üçün komanda ilə birgə böyük futboldan da ulduzlar gəlsin. Artıq yay mövsümünə keçmişik. Mümkündür ki, mövsümlərarası fasilədən yararlanaraq böyük futboldan da ulduzlar gəlsin və sevimli komandalarını dəstəkləsinlər.
- AFFA rəhbərliyi olaraq, FİFA-nın Konfransına qatıldınız. Konfransın sonunda keçirilən seçki əvvəlkilərə baxanda daha gərgin alındı...
- İlk olaraq onu deyim ki, AFFA rəhbərliyi futbolun inkişafını dəstəkləyir. İkinci isə, bəli, gərgin keçdi. Çünki FİFA prezidenti postuna namizəd çox idi. Əvvəlki illərlə müqayisədə 4 namizəd vardı. Ona görə də gərginlik daha çox idi. Seçkiyə bir həftə qalmış Mixael van Praqla Luiş Fiqu namizədliklərini geri götürdülər. Ona görə də gərginlik daha da artdı. Sonra isə seçkilərə iki gün qalmış FİFA-nın bəzi rəsmiləri, İcraiyyə Komitəsinin üzvləri ilə bağlı mənfi hallar baş verdi. Təbii ki, gərginlik var idi. Lakin səsvermə nəticələrinə baxsaq, cənab Blatter qalib oldu və növbəti illərdə də FİFA-nın prezidenti olacaq.
- Bəzi ölkələr kimi dəstəklədiklərini açıqlayırlar. Maraqlıdır, AFFA kimə səs verdi?
- Ölkələr var ki, rəsmən dəstək verirlər. Yəni hansısa namizədin birbaşa kampaniyasının daxilində olurlar. Ona görə də, hansı namizədə dəstək olduqlarını deməlidirlər. Biz isə futbolun inkişafına səs vermişik və konkret şəxsi açıqlamaq istəmirik.
- O zaman sualı başqa cür qoyaq: Seçkidən bir gün öncə UEFA prezidenti Mişel Platini dedi ki, Avropa ölkələri Mişel Blatterin əleyhinədir. Siz Platininin fikri ilə getdiniz?
Yenə deyirəm, bizim AFFA olaraq, öz fikrimiz var. Təbii ki, UEFA ilə eyni mövqelərimiz, layihələrimiz mövcuddur. Təbii ki, UEFA-nın üzvüyük. Eyni zamanda FİFA-nın da üzvüyük. Bunu nəzərə alaraq, öz fikrimiz, öz qərarımız var. Buna uyğun da səsimizi vermişik.
- Seçkidən bir gün öncə Platini UEFA-ya üzv ölkələrə müraciət edərək, Blatter əleyhinə səs vermələrini istədi. AFFA-ya da belə bir müraciət gəlib?
- Hər zamanki kimi iclasda iştirak etmişdik və konfransdan öncə UEFA ailəsi, yəni prezidentlər, baş katiblər yığışıb müzakirələr aparmışdılar. Bildiyiniz kimi, həmin konqresdə seçkilərdən başqa Fələstin və İsrailinin mövzusu müzakirə olunmuşdu. Tək seçkilərdən söhbət getmədi. Ümumi konqresin gündəliyindəki məsələlər mizakirə olunmuşdu. Əlavə olaraq Avropa futbol ailəsi müzakirə etməli idi ki, koqres zamanı bütün 53 üzv ölkə durub eyni sualı verməsin. Kiminsə sualı varsa, bir nəfərlə təmsil olunsun. Maliyyə ilə bağlı suallar olmadı. FİFA-nın maliyyə hesabatına uyğun olaraq bir daha sübut olundu ki, FİFA stabil təşkilatdır və gəliri ildən-ilə artır. Bundan başqa Fələstin - İsrail məsələsini müzakirə etdik. Hər iki ölkənin nümayəndələrinə imkan verildi ki, özləri öz aralarında məsələni həll etsinlər. Bildiyiniz kimi, orada vəziyyət çətindir. Seçkilərə gəlincə, Platininin UEFA ailəsinə öz sözü oldu, heç kimdən xahiş etmədi ki, biz Blatterin əleyhinə səs verək. Belə bir söhbət olmadı. Öz mövqeyini dedi. Bunu da nəzərə almaq lazımdır ki, digər iki namizəd məhz UEFA-nın namizədləri idi. Luiş Fiqu namizədliyini geri götürəndə heç kimi dəstək verməyə çağırmadı. Hollandiya Futbol Federasiyasının prezidenti Mixael van Praaq namizədlikdən geri çəkiləndə bütün Avropanı İordaniya şahzadəsi Əli bin Əl-Hüseynə səsverməyə çağırdı. Yəni bunu van Praaq etdi. Lakin iclasda kim lehinə, əleyhinə səs verdi, o deyilmədi. Hər bir federasiyanın öz mövqeyi var və hər bir federasiya buna uyğun öz qərarını verdi.
- Hazırda azərbaycanlı futbol azarkeşləri üçün FİFA mövzusundan da maraqlısı Bakı "İnter"inin Avropa Liqasında çıxış edib-etməyəcəyi ilə bağlıdır...
- "İnter" Avropa Liqasında Azərbaycanı təmsil etməlidir. Bunu nəzərə alaraq, ötən gün klub prezidenti Georgi Nikolovla görüşüm oldu. Görüşümüz təxminən 1 saat davam etdi, müzakirələr apardıq. O, əminliklə bildirdi ki, "İnter" Avropa Liqasına qatılacaq və əvvəlki illərdəki kimi, Azərbaycanı layiqincə təmsil edəcək. Təbii ki söhbət nəticədən yox, turnirdə iştirakdan gedir. Nikolov bildirdi ki, qısa müddətdə problem olmayacaq. Ancaq uzun müüdətdə bilirik ki, problemlər olacaq. Biz danışıqları iki mərhələyə bölmək qərarına gəldik. Qısa müddətli danışıqlar Avropa Liqası ilə bağlıdır. 6 aydan sonra isə oturub uzun müddət üçün müzakirələr aparacağıq. Təbii ki, "İnter" Premyer Liqada iştirak etməlidir. Bu komanda hər zaman yüksək yerlərdə gedib, yaxşı nəticələr əldə edib. Belə bir komandanı itirmək yaxşı olmazdı. Biz keçən il komandalarımızı itirmişik. Növbəti illərdə çalışamalıyıq ki, bu hal təkrarlanmasın. 2008-ci ildən başlayaraq AFFA rəhbərliyi, Rövnəq Abdullayev demişdi ki, bizim üçün əsas məsələ stadionların yaradılmasıdır. Bu sözlər əbəs yerə deyilməmişdi. Biz təhlil apardıq və gördük ki, Azərbaycanda peşəkar futbol klublarının sayı 1990-cı illərlə müqayisədə 2000-ci illərdə azala-azala gedir. Bəzi komandalar çempionatda iştirak edir, 3 ildən sonra yox olur, ya da I Divizionda, həvəskarlar liqasında çıxış edir. Çempionatımızdakı klubların minimum 80 %-i stabil olaraq Premyer Liqada iştirak etməlidir. Biz bunu təmin etməliyik. Bu problem tək bizdə deyil, müxtəlif ölkələrdə də mövcuddur. Təbii ki, inkişafda olan futbol ölkələrində maliyyə durumu daha sağlamdır. Ona görə, La Liqa, Bundesliqada komandaların sayı azalmır. Bəzən suallar yaranır: Nəyə görə çempionatımızda 14 komandadan 10-u oynayır? Maliyyə durumunu nəzərə almaq lazımdır. Biz gördük ki, həmin komandalarda maliyyə durumu sabit deyil. Ona görə də azaltmağa məcbur olduq. Yoxsa əlbəttə, istərdik ki, komandaların sayı 12 olsun.
- Bilirik AFFA klublara sponsor tapa bilməz, ancaq hər halda nəsə plan cızmaq olarmı?
- Artıq hazırlıq işlərinə başlanılıb. "İnter" və "Simurq"un çətin maliyyə durumunda olmasından martda xəbər tutduq. İlk aylarda hər iki klubun rəhbərliyi bizə bildirmişdi ki, problemlər olmayacaq. Biz daha rahat idik. Amma maydan etibarən gördük ki, problemlər yarana bilər. Artıq biz də hazırlıq işləri görürük. Sponsorlar, tərəfdaşlar, icra hakimiyyətləri ilə danışıqlar aparmağa başlamışıq.
- Son zamanlar dövlətin klublara 1,5 milyon manat məbləğində birdəfəlik yardım edəcəyi barədə xəbərlər dolaşır. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
- Bildiyiniz kimi, 10 illik proqram bu il yekunlaşır. AFFA-nın Konfransında Dövlət Proqramı ilə bağlı hesabatı futbol ictimaiyyətinə və Azərbaycan hökumətinə təqdim etdik. Eyni zamanda yeni proqram layihəsinin hazırlıq işlərinə başladıq. Layihə artıq hazırdır. Dövlət qurumları və təşkilatları ilə danışıqlar aparırıq. Təbii ki, məsləhətləri də nəzərə alırıq. Ümidvaram ki, gələcəkdə yeni proqram təsdiqlənəcək. Proqramı 10 illik planlaşdırmışıq. Amma dövlətin tövsiyə və məsləhətlərini də nəzərə almaq lazımdır. Dövlət 2005 - 2015-ci illərdə Azərbaycan futboluna və ümumilikdə idmana böyük dəstək verdi. Ümidvarıq ki, yeni Dövlət Proqramı da 10 illik olacaq. Amma orada maliyyə məsələləri ilə bağlı hələlik heç bir söhbət getmir. Təbii ki, maliyyəyə də ehtiyacımız olacaq. Amma konkret məbləğdən söhbət getmir, heç bir məbləğ yazılmayıb. Ümumi olaraq, söhbət maliyyə dəstəyindən gedir.
- "İnter"də neçə aydır vəziyyətin düzələcəyini deyirlər, ancaq dəyişən bir şey yoxdur. Özünüz də qeyd etdiyiniz ki, dünənki görüşdə deyilib ki, komanda Avropa Liqasında oynayacaq. Yəni bunlar sözdür. Fakt olaraq bu gün "İnter" yox səviyyəsindədir. Komandanın verdiyi sözün üzərində dura bilməməsi AFFA-nı avrokuboklar öncəsi pis vəziyyətdə qoymayacaq?
- Təkcə AFFA-nı deyil, Azərbaycan futbolunu çətin vəziyyətə qoya bilər. Ona görə danışıqlar gedir. Bu klubların adı peşəkar gedir, həvəskar yox. Yəni, bu gün "İnter" klubunun rəhbərliyi "Biz Avropa Liqasında iştirak edəcəyik, artıq komanda var, müqavilələr bağlanıb" deyirsə, biz inanmalıyıq. Çünki klubda peşəkar insanlar işləyir. Bizim onlardan sübut istəməyimiz düzgün olmaz, qeyri-etik olardı. Mütəmadı olaraq "İnter" və "Simurq" klublarının rəhbərliyi ilə əlaqə yaradırıq. Hazırda əsas "İnter"dir, çünki avrokuboklarda çıxış edəcək. Təbii ki, "Simurq" da vacibdir. Çünki bölgə təmsilçisidir, infrastukturu var. Onları da nəzərə almaq lazımdır.
- "Neftçi", yoxsa "Qarabağ": Kubokun finalında hansı klubdan qələbə gözləyirsiniz?
- Hazırda "Neftçi"də islahatlar gedir. Düşünürəm ki, "Neftçi"nin stimulu daha çoxdur. Çünki çempion ola bilmədilər. Lakin "Qarabağ" komandası da son iki ildə çox güclü oyun sərgiləyir. Demək olar ki, Azərbaycanın müstəqillik tarixi ərzində ən güclü komanda kimi formalaşıb. Kimin qalib gələcəyini demək çox çətindir.
- I Divizionda çıxış edən klublar həvəslə başlayaraq, mübarizə aparır, qalib olurlar. Lakin mövsümün sonunda Premyer Liqa şansları əllərindən alınır. Bu problem nə vaxt öz həllini tapacaq?
- Çox yaxşı sualdır. Yaxşı vurğuladınız və sizdən də xahiş edirəm ki, bu haqda çox yazasınız. Komanda birinci yeri tutur, lakin gələcəkdə peşəkar liqada onu klub təmsil edir. Bizdə belə fikir yaranıb ki, komanda birinci yeri tutubsa, avtomatik Premyer Liqada iştirak etməlidir. Elə deyil. Premyer Liqaya çıxan klub peşəkar olmalıdır. Neçə ildir lisenziyalaşdırma prosesini tədbiq etmişik. Lisenziyalaşdırma bir günün işi deyil. 7-8 ay ərzində əməkdaşlarımız UEFA ilə birgə həmin bu proseslərdə iştirak edirlər. Görürsünüz ki, Avropada böyük klublara da lisenziya verilmir. Ciddi problemlər olur, UEFA, federasiya səviyyəsində cəzalandırılırlar. Bizdə də eyni qaydada. Bu gün peşəkarlıq, maliyyə stabilli yaratmaq istəyiriksə, klublarda da peşəkarlıq olmalıdır. Belə olsa, stabil olaraq I Divizionda ilk 2 yerdə olanlar 9-10-cu yerdə olanları əvəz edə bilər.
- Əsas millimiz Avstriyaya yollandı. U-21 də oraya yollanacağı gözlənilirdi. Ancaq sonradan planlar dəyişdi. Bu, maddi problemlərlə əlaqədar deyil?
- Millimiz Avstriyaya gedirsə, demək vəsait var. U-21 yığmamızın isə Farer adalarında oyunu var. Həmin vaxt Farer adalarının əsas milli komandasının Yunanıstan ilə rəsmi oyunu olacaq. Ona görə də otellə bağlı problem yarandı, orada ən yaxın otel 2 saatlıq məsafədədir. Biz UEFA-ya müraciət etdik və onlar da tarixi iyunun 17-nə dəyişdilər. Biz də düşündük ki, Avstriyaya getməkdənsə, Farer adalarına daha yaxın ölkəyə gedək. Buna görə də, Danimarkanı, Kopenhagen şəhərini seçdik.Burada yoldaşlıq oyunu da olacaq. Dəyişiklik yalnız bundan ibarətdir.
- Serbiya ilə yoldaşlıq görüşü və Norveçlə AVRO-2016-nın seçmə qrup matçından hansı nəticələri gözləyirsiniz?
- Serbiya ilə oyun futbolçuları mövsüm başa çatdıqdan sonra yoxlamaq məqsədi daşıyır. Norveçdə isə 3 xal qazanmalıyıq. Hələlik AVRO-2016-nın seçmə qrup mərhələsində hesabımızda cəmi 3 xal var. Buna görə də, səfərdən qələbə ilə qayıtmalıyıq. Millimiz də hədəflərini buna uyğun qurub.
- Azərbaycan millisinə ilk dəfə dəvət alan Pavel Paşayevlə bağlı nə deyə bilərsiniz?
- Baxmayaraq ki, FİFA-dan cavab gəlməmişdi, biz artıq onun çıxışlarını izləməyə başlamışdıq. Son 3 ayda baş məşqçi Robert Prosineçki onun oyunlarına baxmışdı. Hər şey Paşayevin əlindədir. İlk dəfə Azərbaycan millisinə dəvət alıb. Özü də təşəbbüs göstərib, istəyirdi ki, Azərbaycan millisində çıxış etsin. Artıq dəvət alıb, məşqlərə peşəkar səviyyədə yanaşmalıdır. Prosineçki gələcəkdə ona şans verəcək. Paşayev də peşəkar futbolçudur, işinə ürəklə yanaşacağına inanıram.
- Millimiz qarşıda hansı yığma ilə yoxlama görüşü keçirəcəyi müəyyənləşib?
- Danışıqlar gedir. Hələ ki, ad çəkə bilmərəm. İyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci il dünya çempionatının püşkatması keçiriləcək. Biz o püşkün nəticəsini gözləməliyik. Ola bilər ki, püşkatma vaxtı danışıq aparaq. Bizim üçün yoldaşlıq görüşü keçirməkdə problem yoxdur.
Röya KƏRİMLİ
Röya KƏRİMLİ