![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739038255_73024cd5-0dd3-4b7b-861f-d7dfa14e2dfe.jpg)
Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, kişilər arasında Şəhriyar Məmmədyarov yenidən qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
Təcrübəli şahmatçı bir gün əvvəl olduğu kimi bu dəfə də Məhəmməd Muradlıya qalib gəlib.
İlk oyunda heç-heçə edən Misrətdin İsgəndərov bu gün Aydın Süleymanlıya qalib gələrək yarımfinala yüksəlib. Digər 1/2 finalçının adına tay-breykdə aydınlıq gələcək.
Vüqar Əsədli - Teymur Rəcəbov və Rauf Məmmədov - Əhməd Əhmədzadə cütlərində iki partiyadan sonra heç-heçə qeydə alınıb.
Qadınların mübarizəsində bir yarımfinalçı bəlli olub. Ülviyyə Fətəliyeva 1/4 finalda Zeynəb Məmmədyarovaya ikinci oyunda da qalib gəlib.
Digər cütlərdə Gövhər Beydullayeva ilk partiyada uduzduğu Türkan Məmmədyarovadan revanş ala bilib, Günay Məmmədzadə - Səbinə İbrahimova, Gülnar Məmmədova - Xanım Balacayeva görüşləri isə yenidən heç-heçə başa çatıb.
Qeyd edək ki, taybreyk qarşılaşmaları sabah keçiriləcək.